Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və "Youtube"da yayılması araşdırılıb.
Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin ekspertləri xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər:
"Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst- üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib. Bildiririk ki, “Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır. “Qarabağ” adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan “Qarabağ” mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınmışdır və Azərbaycan musiqisi kimi tanınır".
Qeyd olunub ki, bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən “Qarabağ” mahnısını 2004-cü il 21 iyul tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçirmiş və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib.
"Youtube" kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, "Youtube" kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir", - deyə məlumatda qeyd edilib.
Agentlikdən qeyd olunub ki, mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır.