Füzuli İsmayılov: “Bu gün hərbi xidmətə gedənlər xoşbəxt gənclikdir”
“Azərbaycan gəncliyinin hərbi xofu yoxdur; Azərbaycan xalqı nə qədər sülhsevərdisə, o cümlədən də hərbi xidməti sevəndir”
“...Azərbaycan xalqı 2020-ci ildə göstərdi ki, kim qorxur. Həmin o lovğa erməni ordusunun 12 min fərarisi var idi. Bizim bir nəfər də olsun nə fərarimiz, nə də o fikrə düşənimiz yox idi”
Müsahibimiz Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xdimətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılovdur. Onunla müsahibədə narkotik asılısı olan çağırışçı gənclərə möhlət hüququnun verilib-verilməməsi, eləcə də yeniyetmə və gənclərimizin vətənpərvərliyi mövzusunda bir sıra suallara cavab tapmağa çalışmışıq.
- Füzuli müəllim, sizcə, 44 günlük Qarabağ savaşından əvvəlki və sonrakı çağırışçıları müqayisə etsək, xüsusilə də onların əhval-ruhiyyəsi ilə bağlı hansı nəticəyə gələ bilərik?
- 2016-cı ilin aprelində Azərbaycan əsgəri, giziri, zabiti elə bir şücaət göstərdi ki, biz hər zaman bu gəncliklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə qürur duyub, fəxr etməliyik. Bu nöqteyi-nəzərdən, şübhəsiz ki, zəfər ordusunda xidmət tam başqadır. Ona görə də indiki gəncliyin əhval-ruhiyyəsi daha yüksəkdir.
Biz bir sıra tədbirlər keçiririk, yola salma mərasimləri edirik. Orada da həmişə bu məsələni xüsusi vurğulayırıq ki, indiki gənclik xoşbəxt gənclikdir və o gənclikdir ki, onlar zəfər ordusunda, qalib orduda xidmətə gedirlər. Qalib orduda əsgər olmaq hər kəsə nəsib olmur. Ona görə də bu gün əsgəri xidmətə, müddətli hərbi çağırışa gedən gəncin əhval-ruhiyyəsi, təkrar edirəm, tam başqadır.
Amma, bununla yanaşı, biz bir məsələni də xüsusi vurğulamalıyıq ki, 2020-ci ildə Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrində aparılan nə qədər işin nəticəsi idi ki, biz 44 gündə düşmənin bir neçə ilə işğal etdiyi və möhtərəm cənab Prezidentimizin vurğuladığı kimi, hətta düşmənin qurduğu istehkamlardan əlavə təbii istehkamlardan ibarət olan Qarabağımızı və ətraf rayonlarımızı 44 günə azad edə bildik. Bu, bizim daxili qüvvələrimizin keyfiyyət göstəricisidir. Vaxtilə, 90-cı illərdə şəxsi heyəti yüngül silahlarla belə təmin edə bilmədiyimiz halda, Azərbaycan Silahlı Qüvvələri, bir neçə il öncənin, hətta vətən müharibəsinə qədərki dövrün statistikası idi ki, dünyanın 50 güclü ordusu sırasında idi. Və bu silahlı qüvvələrin mahiyyəti ondan ibarətdir ki, burda xidmət keçənlərin əksəriyyəti gənclər idi.
Bu nöqteyi-nəzərdən mən bir də o fikrə qayıdıram ki, Azərbaycan gəncliyi bəlağətsiz olaraq, sözün əsl mənasında hər zaman öyünülməli, fəxr olunmalı gənclikdir. Təkrar qeyd edirəm ki, bu gün hərbi xidmətə gedən gənclərimiz də xoşbəxt gənclikdir.
Bizim nəsil düşünürdü ki, Ağdamdan, Fizulidən, Murovdan keçən səngərləri sərhədimizə daşıyaq. Artıq o missiya da həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Və bu gün gəncliyimiz ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş Azərbaycanda hərbi xidmət keçir. Şübhəsiz ki, onun üzrərinə daha böyük vəzifə, daha böyük missiya düşür. Çünki o torpaqların azad olunması uğrunda biz nə qədər şəhid vermişik. Bizim müharibədə nə qədər itkilərimiz olub. Ona görə də hər bir gənc bunun məsuliyyətini dərk etməlidir. Onun xidməti elə olmalıdır ki, bir şəhid ailə üzvü onu izləyəndə söyləsin ki, mənim oğlumun, mənim övladımın uğrunda həlak olduğu torpağın bu cür gəncləri, əsgərləri var. Biz bu fikri həmişə gənclərə təlqin edirik və etməliyik də. Bizim bu gün Şuşada, Xankəndində dalğalanan ay-ulduzlu üçrəngli bayrağımızı gərək həmişə ucalardan uca saxlayaq.
Bu günki gəncliyin üzərinə daha böyük məsuliyyət düşür ki, onlar təkcə bir əsgər olaraq müddətin bitməsini gözləməməlidir, onlar hərbin sirlərini öyrənməlidirlər. Onlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı müasir silah-sursatla yaxından tanış olmalıdır.
Artıq bir neçə müddətdir ehtiyatda olan hərbi vəzifəlilərin də toplanışları keçirilir ki, bizim silahlı qüvvələrin arsenalına daxil olan yeni silahlarla tanış olsunlar. Vərdişləri saxlamaqdan ötrü təlim-toplanışlar da həyata keçirilir. Bu da bizim məşhur sərkərdələrdən birinin dediyi kimi, “Sülh istəyirsənsə, müharibəyə hazı ol” məsələsidir. Çünki silahlı qüvvələrin şəxsi heyətinin, istərsə də ehtiyatda olanların hər zaman döyüş ruhunun yüksəkdə saxlanması bir missiya olaraq hədəfdədir.
- Ümumiyyətlə, son illərdə hərbi xidmətdən yayınanların sayı artıb, yoxsa azalıb?
- Sizə deyim ki, hərbi xidmətdən yayınanların sayı yox, nadir hallarda ona cəhd edənlər ola bilər. Amma yayınmaq mümkün deyil, çünki Azərbaycanda hərbi xidmətə çağırış qanunvericiliklə tənzimlənir. Və Azərbaycan Respublikası Konstitusiyasının bütün maddələri demək olar ki, insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Bir maddədə isə “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” deyilir. Ona görə də hər kəs borcunu başa düşür.
Amma bəzən müəyyən hallar olur ki, insanlar bir qədər gec getmək istəyirlər. Məsələn, təhsil almaqdan ötrü gec getmək istəyir. Bəzən də görürsünüz ki, 18 yaşında yox, bir qədər sonra getmək istəyir. Ona görə vurğulayıram ki, cəhd edir, yayınmaq məsələsi mümkün deyil. Belə bir faktlar da olmuşdu, mətbuatda da açıqlanmışdı ki, yayınmağa cəhd edənlər qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunub. Amma bunlar istisna hallardır. Bizim ümumi gəncliyimizin, silahlı qüvvələrdə xidmət etmək üçün çağrılan gənclərimizin sayı ilə sizin qeyd etdiyiniz məsələ çox kəskin fərqlidir.
Bir məqamı da vurğulayım. 2020-ci ildə Tovuzda iyul hadisələri olanda ki, düşmən Azərbaycan ərazisinə xaincəsinə basqın etmişdi, o zaman Prezidentin bir çağırışı ilə bir həftənin ərzində bizim 55 min insanımız Səfərbərlik Xidmətində qeydiyyatdan keçmişdi, vətənini azad etməkdən ötrü hərbi xidmətə getmək istəyirdi. Bax, biz həmin xalqın övladlarıyıq.
2020-ci ilin sentyabrın 28-də Azərbaycan Respublikasında qismən səfərbərlik edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı qüvvəyə mindikdən dərhal sonra da biz ünvanlara çağırış vərəqələri çatdırmaq əvəzinə, artıq ünvanlardakı həmin o hərbi vəzifəlilərimiz axın-axın Səfərbərlik Xidmətinin yerli struktur bölmələrinə, Xidmətin aparatına gəldilər ki, biz hazırıq. Yəni bu cür övladı olan ölkədə yayınmağa cəhd edənlər olsa belə, bunu yaşına, gəncliyinə, düşüncəsinə keçmək olar. Amma yenə də deyirəm ki, onlarla aparılan iş nəticəsində mütləq qaydada hərbi xidmətə cəlb olunmaları təmin olunur və hərbi xidmətə gedirlər.
Sizə onu da deyim ki, həmin gənclərin içərisindən sonradan qalıb hərbi xidmət edənlər də var. Hansı ki, ilkin dövrdə belə deyildi. Yəni insanıq, anlaşılandır. Ümumi götürdükdə isə Azərbaycan gəncliyinin hərbi xofu yoxdur.
Bu məsələdə tarixə ekskursiya etsək də, yaxşı olardı. 1870-ci ildə çar Rusiyası hərbi nizamnaməyə düzəliş etmişdi ki, müsəlman əhali hərbi xidmətə çağırılmasın. Müsəlman əhali kimi, təbii ki, azərbaycanlılar da çağırılmırdı. 1890-cı ildə də bir düzəliş etmişdilər ki, kim hərbi xidmətə getmirsə töycü verməlidir. Məni çağırmırsan, sonra da töycü alırsan.
1918-ci ildə Cümhuriyyət qurulanda bizim az sayda zabitlərimizin gücü ilə qısa müddətdə 40 minlik ordu formalaşdırılmışdı. Bu o deməkdir ki, Azərbaycan xalqı nə qədər sülhsevərdisə, o cümlədən də hərbi xidməti sevəndir.
II Dünya müharibəsində bizim 600 min babamız savaşa getdi və 300 mini geri qayıtmadı. Biz o xalqıq. Təbii ki, sonrakı dönəmlərdə aparılan işlər, ordu quruculuğuna hazırlıq prosesi haqda SSRİ dövrünün 1971-ci ildə Bakıda Naxçıvanski adına hərbi məktəbin açılması - Allah Ulu Öndərə rəhmət eləsin, o, çox çətinliklə buna nail olmuşdu. Həmin məktəbin məzunları, orada hazırlanan gənclər sonradan ali hərbi məktəbdə zabit rütbəsi almışdılar, müasir Azərbaycanın ordu quruculuğunda əsas yük onların üzərinə düşdü. Yəni bu prosesləri ona görə xatırladıram ki, bəzən düşmən deyir, azərbaycanlılar döyüşməkdən qorxurlar və s. Azərbaycan xalqı 2020-ci ildə göstərdi ki, kim qorxur. Həmin o lovğa erməni ordusunun 12 min fərarisi var idi. Bizim bir nəfər də olsun nə fərarimiz, nə də o fikrə düşənimiz yox idi. Bax, bu, keyfiyyət göstəricisidir. Bu müqayisədir ki, bəzən olurdu, belə olduğu halda biz boyun qaçırmağa cəhdlər haqda statistik məlumatları da açıqlayırdıq. Belə desək, ümumi həcmin içərisində belə halların çox da böyük olmadığını vurğulamaq istəyirik.
- Füzuli müəllim, təəssüflə qeyd edirik ki, xüsusilə də 44 günlük Qarabağ savaşından sonra ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən açılan “narkotik savaşı” da çox ciddi fəsadlar verməkdədir. Zərər çəkən şəxslərin bir qismi yeniyetmə və gənclər, yəni çağırışçılardır. Bu problem hərbi xidmət prosesinə necə təsir göstərir?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az