ABŞ ilə İran arasında aylar sonra yenidən başlayan nüvə danışıqlarının ilk raundu başa çatıb. Görüşlər qarşılıqlı sərt bəyanatların fonunda keçib.
Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçı bildirib ki, problemin yeganə həlli diplomatiyadır və ABŞ təhdidlərdən, təzyiq siyasətindən imtina etməlidir. Onun sözlərinə görə, Vaşinqtonun diktə və məcburiyyət yolu ilə nəticə əldə etməsi mümkün deyil.
İranın atom bombasına sahib olub-olmaması ilə bağlı suala cavab verən Əraqçı ölkəsinin nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsinin İranın haqqı olduğunu vurğulayıb. O qeyd edib ki, heç bir dövlət Tehrana “buna sahib olmamalısan” deyə bilməz.
Əraqçı bildirib ki, İran nüvə proqramı üçün ciddi bədəllər ödəyib və bu proqram ölkənin kənd təsərrüfatı, səhiyyə, enerji təhlükəsizliyi və gələcək nüvə yanacağı ehtiyacları baxımından vacibdir. Onun sözlərinə görə, uranın zənginləşdirilməsi məsələsi yalnız texniki deyil, həm də müstəqillik və milli ləyaqət məsələsidir.
İran XİN rəhbəri əlavə edib ki, Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlar varsa, bunlar yalnız danışıqlar yolu ilə aradan qaldırıla bilər. “Sual varsa, cavab verməyə hazırıq, etimad yoxdursa, onu qurarıq. Amma heç kim öz istədiyinə görə bizə nə edə biləcəyimizi diktə edə bilməz”, – deyə Əraqçı vurğulayıb./azpolitika.info