Ruhani Xameneini vəzifəsindən uzaqlaşdırmaq istəyib - SENSASİON DETALLAR

2026-cı ilin yanvarında İranda baş verən kütləvi etirazlar fonunda ali dini lider Əli Xameneinin faktiki olaraq idarəçilikdən uzaqlaşdırılmasına cəhdi edilib.

Bu barədə Fransanın Le Figaro qəzetinin yazıb. 

Nəşrin məlumatına əsasən, təşəbbüs yanvarın 8-nə keçən gecə — etirazların pik həddə çatmasından bir gün əvvəl formalaşıb. Həmin etirazlar zamanı minlərlə insanın həlak olduğu bildirilir.

Le Figaronun mənbələrinin iddiasına görə, planın təşəbbüskarı İranın sabiq prezidenti Həsən Ruhani olub.

O, Xameneinin vəziyyətə təsirini məhdudlaşdırmaq və idarəçiliyi daha geniş məmurlar çevrəsinə ötürmək istəyib.

Lakin qəzet yazır ki, plan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəstək verməməsi səbəbindən baş tutmayıb. Onun razılığı olmadan təşəbbüsün həyata keçirilməsi mümkün olmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hazırkı prezident Məsud Pezeşkian planla bağlı müzakirələrdə iştirak edən şəxslərin siyahısından çıxarılıb. Məqsəd mümkün məlumat sızmasının qarşısını almaq olub.

İran rəsmiləri tərəfindən bu məlumatla bağlı rəsmi təsdiq verilməyib.

Bundan əvvəl The New York Times qəzeti yazmışdı ki, İranın ali lideri ayətullah Əli Xamenei ölkənin faktiki “operativ idarəçiliyini” milli təhlükəsizlik üzrə müşaviri Əli Laricaniyə həvalə edib. Bu isə prezident Məsud Pezeşkianın rolunun nəzərəçarpacaq dərəcədə zəifləməsi kimi qiymətləndirilir.