Narkotik istifadəçisinin ağlasığmaz fırıldağı - MAĞAZALARI BİR-BİR GƏZİRLƏR VƏ... / VİDEO

Stopnarkotik.az-ın təqdim etdiyi bu videogörüntülər redaksiyamıza oxucularımız tərəfindən göndərilib.

İddia olunur ki, kadrlarda görünən kişi cinsindən olan şəxs və qucağında körpə olan qadın əllərində daşıdıqları ləpə ilə mağazalara girərək, dələduzluq edirlər.

Belə ki, onlar mal almaq bəhanəsi ilə içəri girir, satıcı məhsulu tərəzidə çəkəndən sonra aldıqlarını maşına qoymaq bəhanəsi ilə çıxır və bir daha qayıtmırlar.

Hadisə şahidlərinin sözlərinə görə, videokadrlarda görünən kişi narkotik istifadəçisidir. Özü ilə gətirdiyi ləpə yükünü isə satıcını inandırmaq üçün istifadə edir. Yəni əlində 5 kisə qoz ləpəsi gəzdirən şəxs dükana girərək guya yükü və uşağı gəzdirə bilmədiyini göstərir, quru meyvələr tərəzidə çəkdirir və satıcıya bildirir ki, gəlib götürəcək. Şəxs taksi çağırıb öncə qoz kisələrini, ardınca da satıcının tərəzidə çəkdiyi quru meyvələri də taksiyə yerləşdirir, geri qayıdıb pulu ödəyəcəyini vəd edir və aldıqlarının pulunu ödəmədən yoxa çıxır.

Mağazanın izləmə kamerasında dələduzluq əməlləri qeydə alınan şəxslər redaksiyamıza əlaqə saxlayan təkcə bir mağaza sahibindən 150 manatlıq quru meyvə oğurlayıb.

Hadisəni hüquq-mühafizə orqanlarının nəzərinə çatdırırıq və hesab edirik ki, videogörüntüdəki dələduzlara qarşı tədbir görüləcək.

Stopnarkotik.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.