Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib..
Xatırladaq ki, Müşfiq Abbasov əvvəllər də rüşvət alma maddəsi ilə həbsdə olub. Belə ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, M. Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
M. Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilib. İttihama görə, M. Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
M. Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.
Hurriyyet.org-un məlumatına görə, həbs olunan Müşfiq Abbasov müğənni Ruhi Əliyevanın bacısının həyat yoldaşıdır.
Stopnarkotik.az