“YARAMAZLAR, SATQINLAR, NƏ EDİRSİNİZ?...” - Rus ordusunda rabitə fəlakəti

Rusiyanın Ukraynadakı işğalçı ordusunun xüsusilə də ön cəbhədəki hissələri son günlər əsl rabitə fəlakəti yaşamaqdadır. Bir neçə gün əvvəl Ukraynanın yeni Müdafiə naziri Mixail Fyodorovun təşəbbüsü və xahişi ilə İlon Maskın işğal olunmuş ərazilərdəki “Starlink”-ləri söndürməsi rus ordusunu demək olar, əsas rabitə vasitəsindən məhrum etmişdi. Rus hərbçiləri və “Z-bloqerləri”, hərbi mütəxəssisləri gecə-gündüz bunun orduya ciddi problemlər yaratdığı barədə videolar, şərhlər paylaşdı.

Hətta Kremlin əsas təbliğatçısı Vladimir Solovyov canlı efirdə İlon Maskı buna görə lənətlədi və Donald Trampdan amerikalı milyarderin “qulağını burmasını” tələb etdi. Ona bir çox Duma üzvləri və Putinpərəst siyasətçilər də qoşuldu. Lakin xeyri olmadı...

İndi isə məlum olur ki, işğalçı ordunun rabitə imkanlarına zərbə vuran təkcə Mask deyil, həm də “daxildəki vətən xainləridir”. Belə ki, “Starlink”in kəsilməsi azmış kimi, ötən gündən başlayaraq, rus ordusunun digər əsas rabitə vasitəsi olan “Telegram” da bloklanmağa başlayıb. Bu da böyük narazılığa və səs-küyə səbəb olub.

Özü də bunu “Telegram”ın sahibi yox, Rusiya hökuməti, daha dəqiq desək, “Roskomnadzor” edib. “Z bloqerlər”i, “rus dünyası” tərəfdarlarını və rus hərbçilərini hiddətləndirən isə odur ki, “Telegram”ı bloklamak əmrini verənləri cəbhədəkilərin vəziyyəti qətiyyən maraqlandırmır.

İş o yerə çatıb ki, qatı Putin tərəfdarlarından olan Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov da “Telegram”-ın bloklanmasına üsyan edib: "Bunu edənlər yaramazlardır! Yaramazdırlar! Kim bunu edirsə, SVO-ya getsin. Bu messencer ön cəbhədə yeganə əlaqə vasitəsidir. Kimsə qərar verir ki, messenceri yavaşıtmaq lazımdır. Bunu axmaqlar edir. Bu, sadəcə, təxribat deyil, xəyanətdir. Orada insanlar ölür. Onlar Rusiya üçün, rus dünyası üçün ölür, bəs siz nə edirsiniz? Ağlınızı başınıza yığın!".

“Z-bloqerlər” isə daha kəskin ifadələrdən istifadə edirlər. Bu qərarı verənləri “vətən xaini” də daxil olmaqla, müxtəlif adlarla, söyüşlərlə “mükafatlandırırlar”. Onlara cəbhədə döyüşən işğalçı ordu təmsilçiləri də qoşularaq, çoxsaylı müraciətlər ünvanlayırlar ki, ordu son rabitə vasitəsindən də məhrum edilməsin. Çünki hazırda PUA hücumu xəbərdarlığından tutmuş artilleriyanın tənzimlənməsinə, eləcə də əsgərlərin öz ailə üzvlərilə rabitəsinə qədər hər şey “Telegram” vasitəsilə edilir.

Əlavə edək ki, Ukraynanın son günlər Zaporojye istiqamətindəki uğurlu əks-hücum əməliyyatında da rus ordusunun yaşadığı rabitə problemlərinin müəyyən rol oynadığı barədə iddialar var.

Üstəlik, məsələ Dövlət Dumasında da qaldırılıb. Dumadakı “müxalifət” “Telegram”ın yavaşlamasının səbəbləri və Rusiyada fəaliyyətinin davam etdirilməsi perspektivləri ilə bağlı izahat tələbi ilə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə sorğu göndərmək barədə protokol hazırlayıb. Təşəbbüsü 77 deputat dəstəkləyib, 102 nəfər isə bunun əleyhinə səs verib.Beləliklə, bu tələb də rədd edilib.

Rusiya Kommunist Partiyasının deputatı Mixail Matveyevin sözlərinə görə, kommunistlər, eləcə də “Ədalətli Rusiya” və “Yeni insanlar” partiyasından olan deputatlar protokolun lehinə səs verib. LDPR fraksiyası səsvermədə iştirak etməyib, hakim “Vahid Rusiya” isə bunun əleyhinə səs verib.

Ancaq “rus dünyası” təbliğatçılarının, “Z-bloqerlərin” hərbçilərin və s. bütün çağırışlarına, qəzəbinə və hətta yalvarışlarına baxmayaraq, Kreml “Telegram”-ı bağlamaq qərarından vaz keçmir. Kremlin sözçüsü Dmitri Peskov bu messencerin məhdudlaşdırılmasına təəssüfləndiyini bildirib, lakin əlavə edib ki, “Telegram” guya Rusiya qanunlarına tabe olmadığı üçün bloklanır.

Bəs əslində nə baş verir və Rusiyada ən populyar olan, cəbhədəki əsgərlərin belə ən çox üstünlük verdikləri messencer niyə bloklanır?

Hakimiyyət hər nə qədər bunu “Telegram”ın guya Rusiya qanunlarına tabe olmaması, hökumətin ona nəzarət edə bilməməsi və informasiya təhlükəsizliyi bəhanələri ilə əlaqələndirsə də, əsas səbəb sadəcə, senzuradır. Bəli, Rusiyada “youtube” da daxil olmaqla, bütün əsas kanalları, sosial şəbəkələri, messencerləri bloklayan Kreml üçün yeganə problem yaradan, nəzarət edə bilmədiyi “Telegram” idi. Məhz bu messencer vasitəsilə cəbhədəki həqiqətlər qismən də olsa Rusiya auditoriyasına çatdırılırdı. Əsgərlər saysız-hesabsız itkilər, yaralılar, silah-sursat, ərzaq, hərbi geyim çatışmazlığı, “top əti” hücumları, məğlubiyətlər, komandirlərin cinayətləri və s. barədə məlumatları və müraciətləri məhz “Telegram” vasitəsilə ötürürdülər. Üstəlik, Kremlin heç də hər zaman nəzarət edə bilmədiyi “Z-bloqer”lərin bu messencerdə saysız-hesabsız kanalları və milyonlarla izləyiciləri var. Onlar həm qismən də olsa həqiqətləri öyrənir, həm də müharibə tərəfdarı olanlar “Z-çilər” vasitəsilə cəbhəyə yardım göndərirdilər. İndi isə həm “Z-bloqerlər” bu auditoriyadan və topladıqları ianələrdən, həm də cəbhədəki işğalçı ordu hissələri əsas rabitə vasitəsilə yanaşı, yardımlardan məhrum olurlar.

Bir sözlə, “Telegram” da Kremlin senzurasının güdazına gedir və bu zaman nə cəbhədəkilərin, nə də ölkə daxilindəki “Z patriotların” gözünün yaşına baxılmır.

Buna baxmayaraq, bu qərarı şiddətlə pisləyənlərin heç biri həbs və repressiya qorxusundan Putinin adını çəkmir. Baxmayaraq ki, hamı bütün bu qadağaların, başıpozuqluğun, özabşınalığın, qırğınların və Rusiyanın yaşadığı və yaşayacağı fəlakətlərin başında məhz onun durduğunu gözəl bilir. Lakin yəqin ki, nə zamansa, gec və ya tez, Putinin sağlığında, ya da o öləndən sonra bütün həqiqətlər mütləq deyiləcək. O zaman kimin lənətlənəcəyini və adının Rusiya və dünya tarixinə qara ləkə kimi düşəcəyini ehtimal etmək elə də çətin deyil...