ALİ MƏHKƏMƏDƏN TRAMPA “TƏRS ŞİLLƏ”... - Prezident “tarif müharibəsini” niyə uduzur?

Trampa ABŞ-ni ailə biznesi kimi idarə etməyə qoymurlar...

Özünü bir çox hallarda dünyanın ən nəhəng demokratik dövlətinin seçilmiş prezidentindən çox başıpozuq, irqçi diktator kimi aparmağa başlayan Donald Tramp öz ölkəsində gözlənilməz hüquqi və siyasi zərbə alıb. Artıq xəbər verildiyi kimi, ABŞ Ali Məhkəməsi dünən Trampın xarici ölkələrə təkbaşına idxal rüsumları tətbiq etməsini qeyri-qanuni elan edib. Məhkəmə prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Məhkəmə hakimlərinin 9-dan 6-sı Tramın qərarlarının qanunsuz olması və səlahiyyətlərini aşması hökmünün lehinə səs veriblər. Bununla da tariflərlə istədiyi kimi rəftar etməsilə öyünən Tramp həm hüquqi, həm də növbəti ağır siyasi zərbə almış olub...

İqtisadi bilikləri primitiv, daşınmaz əmlak alqı-satqısından çox da uzağa getməyən, qlobal ticarətin mürəkkəbliyini anlamayan Tramp idxal mallarına tariflərin artırılmasını az qala Amerika iqtisadiyyatının xilası və çiçəklənməsi kimi qələmə verirdi. Sanki ondan əvvəlki prezidentlər və onların iqtisadi komandaları tarif təzyiqlərinin nə demək olduğunu və hansı nəticələr verəcəyini anlamırdılar.

Tramp hesab edirdi ki, tarif müharibəsi ABŞ-yə sənaye istehsalının artımı və yeni iş yerləri gətirəcək, ABŞ xəzinəsi əlavə yüz milyardlarla dollarla dolub daşacaq, ticarət kəsiri və milli borc kəskin şəkildə azalacaq. Həmçinin, ABŞ-nin xarici ölkələrdən və onların mallarından asılılığı aradan qalxacaq. Eləcə də, ABŞ Prezidenti yeni tariflərdən siyasi alət kimi də istifadə etməyə çalışır. Lakin idxal mallarına kütləvi şəkildə tarif tətbiq edilməsinin mənfi nəticələr verəcəyinə dair elə onun iqtisadi komandasının bəzi üzvləri Trampa xəbərdarlıq etmişdi. Hətta administrasiya daxilində bununla bağlı ciddi fikir ayrılıqları var idi. İqtisadiyyat və siyasətdən həqiqi anlayışı olan insanlar Prezidenti fikrindən daşındırmağa çalışdılar, amma o, buna məhəl qoymadı. Yalnız qulağına xoş olanı eşitməyə adət edən Tramp bu səslərə fikir vermədi.

Nəticə göz qabağındadır. Trampın gözlədiyinin və ümid etdiyinin əsas etibarilə tam əksi baş verir. Əhalinin yarıdan çoxu onun yeni “tarif siyasəti”nin əleyhinədir. Çünki bu, ölkə iqtisadiyyatını xaosa və qeyri-müəyyənliyə sürükləyir. Prezidentin istədiyi vaxt, istədiyi tarifləri qaldırıb-endirməsi biznesi çaş-baş qoyur, onun hökumətə etimadını sarsıdır və əlavə xərclərə salır. Eləcə də xarici mallara tətbiq edilən yüksək idxal tarifləri həm həmin malların qiymətini artırmaqla daxildəki alıcıların xərcini artırır, həm də idxal olunan hissələr və komponentlərin alıcısı olan Amerika istehsalçıları onları daha baha qiymətə almalı olurlar. Bu da həm sıravi istehlakçılar, həm də istehsalçılar üçün əlavə xərc və ümumi bahalaşma deməkdir.

Beləliklə, seçicilərə "Çini ödəməyə məcbur edəcəyik" nağılını satan adam nəticədə öz vətəndaşlarını artıq pul ödəməyə məcbur etmiş oldu. İdxal tariflərinin artması xarici istehsalçılardan çox sıravi amerikalıların və sənayeçilərin başında çatladı. Ona görə də “tarif müharibəsi”ndən xəzinəyə daxil olan əlavə milyardlarda əcnəbilərdən çox amerikalıların payı var və ən pisi odur ki, bu milyardlar Trampın vədlərinə baxmayaraq, qətiyyən ABŞ-nin xarici ticarət balansını müsbətə doğru dəyişmədi...

Müşahidəçilər hesab edirlər ki, Ali Məhkəmənin Trampa tərs şillə effektli bu qərarı obyektiv hüquqi dəyərləndirmə ilə yanaşı, bu tarif siyasətinin ABŞ vətəndaşının maraqlarına uyğun olmamasından irəli gəlir.

Tramp necə gəldi tətbiq etdiyi tarifləri elan edərkən ABŞ-dəki “milli təhlükəsizliyə qeyri-adi və fövqəladə bir təhdid halında” prezidentə tariflər tətbiq etməyə imkan verən qanuna istinad edib. Lakin faktiki olaraq belə bir hal yoxdur. Ali Məhkəmə də bu və digər amilləri nəzərə alaraq, Prezidentin öz səlahiyyətlərini aşdığına qərar verdi.

Xüsusilə də ABŞ-də aralıq seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, Ali Məhkəmənin qərarı zatən reytinqi rekord dərəcədə aşağı düşən Tramp administrasiyasını daha da çətin vəziyyətə salır.

Bu qərar həm də Trampın özünü siyasi cəhətdən aşağılamış olur. Çünki buna hətta Ali Məhkəməyə şəxsən onun tərəfindən təyin edilən hakimlər də səs veriblər.

Məhkəmə ona xatırlatdı ki, Amerika oyunun ortasında qaydaları dəyişdirib özünü qalib elan edə biləcəyi hansısa kazino deyil, hüquqi dövlətdir. Bu, Trampa ABŞ dövləti, hüququ, idarəçilik sistemi və xalqı tərəfindən soyuqqanlılıqla, qanuni şəkildə yerininin göstərilməsi oldu.

Trampın problemi ondadır ki, o, həmişə hökuməti, dövləti ailə biznesi hesab edib. Bunu bəlkə də hansısa diktatura, saxtakarlıq, hüquqi özabşınalıq hökm sürən dövlətdə etmək olardı, ABŞ-də isə belə görünür ki, hələlik olmur.../azpolitika.info