Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bəzi xəbər saytları və sosial media səhifələrində “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), maddələrilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabr ayının 7-də apellyasiya protesti verilib.