Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Stopnarkotik.az xəbər verir ki, 1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda “Balion Group” şirkətinin təsisçisidir. Hazırda həmin şirkətə Bəşir Hacıyevin qardaşı Vüqar Hacıyev rəhbərlik edir.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini olub.