“Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə edilən şəxslərin səhhətində heç bir problem yoxdur”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib.
Onun sözlərinə görə, hələlik mərkəzdə qalanlar var:
“Həmin şəxslərin də təxliyəsi planlaşdırılır. İndiyə kimi 100-dən çox şəxs təxliyə olunub. Səhhətlərində heç bir problem yoxdur. Yenidoğulmuşlar, hamilə və zahılar Sabunçu, Kliniki, Xətai Tibb mərkəzlərinə və digər iki xəstəxanaya tam təhlükəsiz şəraitdə göndəriliblər”.
Qeyd edək ki, hazırda təxliyə prosesi davam edir.
İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.
***
Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.
Bu barədə TƏBİB məlumat yayıb.
"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - deyə vurğulanıb.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qurumun məlumatında vurğulanıb.
***
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
***
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
***
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Respublika Perinatal Mərkəzində yanğın olub.
Stopnarkotik.az xəbər verir ki, yanğın Yusif Səfərov küçəsində qeydə alınıb.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib.
Əlavə məlumat veriləcək.