Pensiya artımları niyə fevral ayında ödəniləcək? - DEPUTATDAN AÇIQLAMA

"Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək".

Stopnarkotik.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pensiyaçılar üçün vacib məqamlardan biri əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır:

"Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı ğözlənilir. Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək".

Deputat bildirib ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:

"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.