Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktor müavininin məktəbin mühafizəçisini öldürməsi məsələsi ilə bağlı açıqlama verib.
Stopnarkotik.az-ın məlumatına görə, bu barədə Agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə danışıb.
O bildirib ki, cinayət törədən direktor müavini pedaqoji fəaliyyətlə məşğul olmayıb: "Adıçəkilən şəxs məktəbdə təsərrüfat işləri ilə məşğul olub. O, pedaqoji fəaliyyət ilə məşğul olmayıb. Yaxşı olar ki, istintaqın yekun neticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq".
Qeyd edək ki, ötən gün Müsavat partiyası fəalı Natiq Mehdinin öldürüldüyü məlum olub. Müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdi Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.
Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. O, ixtisasca fiziki idman müəllimidir.
Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.