"Palladium" şirkəti açıqlama yaydı: "Ukrayna üçün heç bir mərmi istehsal etmirik"

"Palladium” şirkətlər qrupu mətbuatda Ukrayna üçün mərmi istehsal etmələri barədə yayılan məlumatları təkzib edib.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, şirkət açıqlamasında aşağıdakıları qeyd edib:

"Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan 122 mm çaplı boş mərmilərin istehsalı ilə bağlı KİV-də yayılan təxribat xarakterli foto və videolar yalandır və bizim şirkət ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, özəl şirkətlər dövlətin iştirak payı olmadan müstəqil şəkildə hərbi təyinatlı məhsul istehsal etmək hüququndan məhrum edilir. Yuxarıda deyilənləri nəzərə alaraq, biz də məsuliyyətlə bildiririk ki, Azərbaycanın “Palladium” şirkəti Respublika ərazisində hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul deyil.

Eyni zamanda, şirkətimiz Rusiya Federasiyası ilə sıx işgüzar və tərəfdaşlıq əlaqələrinə malikdir, lakin istənilən dövlətlərarası münaqişələrdə neytrallıq mövqeyinə sadiqdir.

“Palladium” MMC Ukrayna tərəfi ilə heç bir müqavilə öhdəliyinin olmadığını rəsmən təsdiqləyir.

Məsələ ilə bağlı Azərbaycan Medianın İnkişafı Agentliyi də təkzib məlumatı yayıb.

Musavat.com həmin məlumatı da təqdim edir:

"Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı yayılan xəbərlər tamamilə yalandır. Azərbaycan artilleriya mərmisi istehsal etmir və bu, yalan bəyanatdır. Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Ukraynaya yalnız humanitar yardım göstərir. Əlində Ukrayna bayrağı tutan, jurnalist olduğu deyilən şəxsin fotosunun Azərbaycana heç bir aidiyyatı yoxdur.

Medianın İnkişafı Agentliyi yerli və xarici sosial media istifadəçilərini belə sərsəm xəbərlərdən ehtiyatlı olmağa çağırır".