Özbəkistanda gənc nəslin tərbiyəsi üçün yeni konsepsiya hazırlanıb.
Stopnakotik.az "darakchi.uz" saytına istinadla xəbər verir ki, Özbəkistanda “2023-2027-ci illər üçün gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işlərin səmərəliliyinin artırılması Konsepsiyası”na əsasən, hərbi-vətənpərvərlik tərbiyəsi 3 yaşından başlanacaq. Əslində qardaş ölkənin gənc nəslə tətbiq olunacaq yeni konseptual yanaşma təcrübəsi narkomaniyanın qarşısının alnmasında effektiv metod kimi çıxış edə bilər.
Konsepsiyanın fəaliyyət tədbirləri yaş qrupundan asılı olaraq 5 mərhələyə bölünür: I mərhələ 3-7 yaşlı uşaqlar, II mərhələ 7-10 yaş, III mərhələ 11-17 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. IV mərhələ 18-21 yaş arası gəncləri və V mərhələ - 22 yaşdan 30 yaşa qədər şəxsləri əhatə edəcək.
Hərbi-vətənpərvərlik tərbiyəsi çərçivəsində müsabiqələr, sərgilər, səlahiyyətli struktur və idarələrin nümayəndələri ilə görüşlər, sağlam həyat tərzini, yad ideyalara və cinayətkarlığa qarşı mübarizəni təbliğ edən sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.
Ölkənin regionlarında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində işlərin əlaqələndirilməsi üçün qərargahlar yaradılacaq.
Hərbçilər məhəllələrdə maarifləndirmə işləri aparacaqlar.
“Vətənpərvər” Hərbi-Müdafiə Yardım Təşkilatları açıq qapı günləri keçirəcək.
Mütəşəkkil olmayan və qanun pozuntusuna meylli gənclər üçün "Hərbi hissədə bir gün" təşkil olunur.
"Vətənə dayaq" uşaq-gənclər hərəkatının fəaliyyətinin səmərəliliyinin artırılması nəzərdə tutulur.
Stopnarkotik.az