“500 manat rüşvət verə bilmədiyimiz üçün Respublika Narkoloji Mərkəzində yer olmadığını dedilər…”
Narkotik bəlası gəncləri ölümə sürüklədiyi kimi, valideynləri də çıxılmaz duruma salır. Övladlarına nəzarət etməkdə çətinlik çəkən valideynlər, xüsusilə atasız uşaq böyüdən tək analar dolayısı ilə onları narkotikin cənginə təslim etməyə məcbur olurlar. Stopnarkotik.az saytına bu qəbildən növbəti müraciət daxil olub. Ağstafa rayon sakini Süleymanova Aygün Konfrans qızı deyir ki, 19 yaşlı övladı Quliyev Eldəniz Elçin oğlu narkotik aludəçisidir, hazırda asılılıqdan xilas ola bilmir.
Gəncin anası bildirir ki, oğlu narkotik qəbul etdiyi üçün çox peşmandır, müalicə olunaraq sağalmaq istəyir.
“Eldəniz 2023-cü ilin sentyabr ayında narkotik istifadəçisi olduğu üçün Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və 20 gün müddətinə həbs olunub. Məhkəmə ondan sağalmaq istəyib-istəmədiyini soruşarkən, Eldəniz suala müsbət cavab verib, sağalmaq istədiyini bildirib. Bu səbəbdən, məhkəmə onun barəsində 55-ci maddə ilə məcburi müalicə qərarı çıxarıb”, - deyən anasının sözlərinə görə, 20 günlük həbs cəzasından sonra müalicə üçün Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə yönləndirilən Eldənizin burada da bəxti gətirməyib. Anası bildirir ki, mərkəzin baş həkimi Eldənizə yer olmadığını bildirib:
“Lakin Eldənizlə birgə həbs düşən və onunla eyni zamanda narkoloji mərkəzə yönləndirilən şəxslər ona bildiriblər ki, burada müalicə olunmaq üçün 500 manat rüşvət vermək lazımdır. Eldənizin isə bu vəsaiti olmadığına görə, onu müalicə üçün mərkəzə qəbul etməyiblər”.
Beləliklə, həbsdən sonra polisin müalicə üçün Eldənizi narkoloji mərkəzə yerləşdirmək cəhdi uğursuz alınıb, çünki baş həkim “yer olmadığını” bildirib. Anası isə deyir ki, buna baxmayaraq, onunla birlikdə saxlanılan digər narkotik aludəçilərinin hər birinin valideynindən alınan 500 manat qarşılığında onlar mərkəzə yerləşdirilib.
Aygün Süleymanova onu da bildirdi ki, təxminən 3 il əvvəl Eldəniz müalicə üçün Zığ qəsəbəsində yerləşən Respublika Narkoloji Dispanserinə müraciət edib. Lakin cəmi 2 gün sonra Narkoloji Dispanserdə böyük yanğın baş verdiyindən, müalicəsini tamamlaya bilməyib.
Anası deyir ki, oğlunu ağır narkotik maddə istifadəsinə həbsxanada Orxan adlı şəxs alışdırıb və onun özü də hazırda narkotik ticarəti ittihamı ilə həbsdədir.
Aygün Süleymanova yetkili qurumlardan oğlunun müalicəsinə köməklik göstərilməsini xahiş edir.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq.