Ötən ay 969 sərxoş sürücü müəyyən edilib - DYP-dən AÇIQLAMA

Yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də bilavasitə bu qəzaların baş verməsinə səbəb olan kobud qayda pozuntuları törədən şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin fevral ayı ərzində 1090 şəxs sürücülük hüququ olmadan, 969 şəxs isə sərxoş halda avtomobil idarə etdiklərinə görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılmış təhlillər əsasında son zamanlar baş verən və ağır nəticələrə səbəb olan qəzaların əksəriyyətinin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədildiyi müəyyən edilmişdir.

Sürücülük hüququ olmadan avtomobil idarə edən və ağır nəticəli qəzaların baş verməsinə səbəb olan, yaxud kobud qayda pozuntuları törədən şəxslər təəssüflər olsun ki, cəmiyyətdə sürücü intizamının aşağı olması barədə yalnış fikir formalaşmasına şərait yaradır.

Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu olmaqla yanaşı, təhlükəli əməldir.