Narkoticarət cəmiyyətimizə rahatlıq verməyən, hər kəsin, xüsusilə gənclərin başının üzərində qara bulud kimi dolanan bir bəladır. Stopnarkotik.az bu bəladan xilas yollarını sabiq polis rəisi Mahmud Hacıyevlə müzakirə edib.
- Mahmud müəllim, İrandan ölkəmizə narkotik axınının qarşısını almaq üçün rəsmi qurumlar ciddi tədbirlər görsə də, bu, yetərli olmur. Sizcə, nəyə görə narkotik axınının qarşısını tam almaq mümkün deyil?
- Mübarizə kifayət qədər gedir. Bu barədə KİV-lərdə mütəmadi olaraq gündəlik xəbərlər eşidirik. Ancaq narkotik ticarətinin, narkomaniyanın qarşısını almaq dünya miqyasında mümkün deyil. Hardasa bunun dövriyyəsini qismən azaltmaq olar, amma onun qarşısının tamamilə alınması mümkün deyil. Kim deyir ki, onun qarşısını alacağam, bu cəfəngiyyatdır.
- Narkoticarətin qarşısının alınmasının qeyri-mümkünlüyü nə ilə bağlıdır?
- Narkoticarəti aparanlar sıravi insanlar deyil, bunlar sindikatlardır. Hüquq-mühafizə orqanları narkotikin keçirilməsinin qarşısını almaq üçün mübarizə aparsalar da, həmin sindikatlar da bunu reallaşdırmaq üçün mübarizə aparırlar. Onlar da narkotiklər istehsal edir və satışını təşkil edirlər. O adamların əlləri çox uzundur, hər yerə girir. Mənim əlimdə fakt yoxdur, amma başqa cür mümkün deyil. Narkoticarət də onların biznesidir. Narkobiznesmenlər də savadlı, bacarıqlı insanlardır.
Sizə bir hadisə danışım. Hadisə 7-8 il bundan qabaq olub. Sankt-Peterburq şəhərində Yeltsin zamanından özəlləşdirilən gözdən uzaq bir yerdə obyekt olub. Uzun müddət istifadəsiz qalıb, gediş-gəliş olmayıb. Sonra ərazi üzrə bölmə rəisnin diqqətini cəlb edib ki, bu obyektə xarici bahalı avtomobillərdə sanballı adamlar gəlib-gedir. FTB əməliyyat keçirəndən sonra məlum olub ki, obyektin içində sintetik narkotiklər istehsal edən sex var və sexdə iki böyük laboratoriya işləyir. Burada həm narkotik həblər, həm inyeksiya üçün maddələr istehsal edirlər. Bu şəbəkəni həbs etdilər. Həbsdən sonra məlum oldu ki, bu laboratoriyada biologiya, kimya sahəsində çalışan çox önəmli professorlar, akademiklər, elm adamları da var.
Ona görə, bu misalı çəkdim ki, narkotik istehsalında önəmli mütəxəssislərin iştirak etdiyini göstərim. Bu sahənin də öz intellektual şəxsləri var. Böyük sindikatların başında duran, hər yerə öz nüfuzu çərçivəsində təsir etməyə gücü yetən, hər yerə əli girən rəhbərlər elə-belə adamlar deyil ki...
- Yəni onlar "mötəbər şəxslər"dir...
- Bəli, əli hər yerə girən narkodünyanın "mötəbər şəxsləri". Deyirlər güclü mübarizə gedir, amma mən inanmıram ki, bunun kökü kəsilsin. Bunu azaltmaq olar, amma kökünü kəsmək mümkün deyil. Bəla azalsa, bu da nəticədir. Artıq narkomaniyaya düçar olmuş insanların çoxu xəstədir, onları tutmağın nə mənası var, xaricdə onlara ayrılmış xüsusi təcridxanalar təyin edir, orada müalicə olunurlar. Belələri xəstəhal adamlardır, artıq bunu dərman kimi qəbul edirlər. Əsas narkoticarətin realizatorlarını tutmaq lazımdır.
- Demək olar ki, hər gün narkodilerlər tutulur. Amma əsas məsələ "böyük balıqlar"ın ələ keçirilməsidir. Sizin təbirinizlə desək, sindikat rəhbərlərini necə tutmaq lazımdır?
- Hər şeyi polisin üzərinə yıxmaq olmaz. Kompleks mübarizə getməlidir. Cəmiyyətin hər bir fərdi mubarizəyə qoşulmalıdır.
- Bu kompleks mübarizə necə aparılmalıdır?
- Bizim televiziya kanalları sıfır səviyyəsindədir. Son zamanlar narkotikləri pisləyən videoroliklər çəkilir. Guya ki, bununla təbliğat aparılır. Bu təbliğat deyil, reklamdır. Yeniyetmə də maraqlanır ki, görəsən bu nədir, mən də təcrübədən keçirim. TV-lərin vəzifəsi milli dəyərləri nüfuzdan salan işlər görməkdir. Fahişəlik reklam edilir. Adam gəlib studiyada deyir ki, mənim gəlinim qaynına qoşulub qaçıb. Bunlar ailə daxilində həll olunmalı məsələlərdir. Təbliğat xarakterli yaxşı verilişlər hazırlamaq lazımdır, narkotiklərlə mübarizə idarələri ilə birgə sənədli filmlər çəkmək lazımdır ki, görsünlər, mübarizə gedir, cavanlar da bu yoldan çəkinsinlər.
- Sizcə, narkomaniyanın kökünü kəsə bilməməyimizdə xaricdəki düşmənlərimizlə daxildəki, sizin təbirinizcə desək, "realizatorlar"ın koordinasiyalı fəaliyyəti rol oynayırmı?
- Bunu deyə bilmərəm. Bu suala dəqiq cavab vermək üçün gərək əlində əsaslı informasiyan, həmin şəbəkəni ifşa edən böyük bir istintaq materialı, məhkəmə icraatı olsun ki, 50-60 cildlik istintaq işi gedib, orada da müəyyən adlar çəkilib. Yəni əldə fakt yoxdur. Amma, təbii ki, əsas axın xaricdən, xüsusən də İrandandır. Açıq etiraf etməliyik ki, fars bizim düşmənimizdir. Düşmən də həmişə silahla mübarizə aparmır ki. Elə belə metodlarla da mübarizə aparır.
- Siz Sankt-Peterburqda narkotik istehsal edilən sexi misal çəkdiniz. Bizdə də polisin, sərhəd xidmətinin, gömrük xidmətinin və s. qurumlarının birgə mübarizəsinə baxmayaraq, ciddi effekt yoxdursa, o halda bunun səbəbi ölkə içində gizli şəkildə narkotik istehsalı aparan sexlər ola bilərmi?
- Rusiyada bu ola bilər. Rusiya dünya boyda bir ölkədir. Orada daha çox "bespredel" vəziyyət mövcuddur. O millətdə narkotiklərə meyl güclüdür. Məncə, bizdə bu mümkün deyil. Bizim ərazimiz Rusiya qədər böyük deyil. Azərbaycan ovuc içi boyda bir ölkədir. Bundan başqa, ölkədə narkotiklərin “meydan sulamasında” qonşularımızın da rolu var. Onların marağındadır ki, bizdə narkomaniya çox yayılsın. Belə bir məsəl var ki, qonşun pisdirsə köç qurtar. Bu da elə-belə qonşuluq deyil ki. Biz dövlətik, hara köçüb gedək. Açıq deyək ki, bizim qonşular pisdir. Onlar məqsədyönlü şəkildə çalışırlar ki, millət olaraq potensialımızı məhv etsinlər. Bir tərəf mübarizə aparır ki, narkotiklərin kökünü kəssin, digər tərəf də çalışır ki, narkoticarəti reallaşdırsın.
- Müxtəlif dövlətlər narkoticarətlə fərqli metodlarla mübarizə aparırlar. Sizcə, bizim ölkə effektiv mübarizə üçün hansı metodlardan istifadə etməliyik?
- Sərhədlər möhkəm qorunmalıdır, istər Sərhəd Qoşunları, istər Gömrük Komitəsi tərəfindən. Daxildə də Daxili İşlər Nazirliyinin nəzdində güclü mübarizə aparılmalıdır. Daxildə güc əsas bu orqanlara düşür. Bizdə balaca uşaq da bilir ki, İranla Rusiyanın bizə qarşı niyyəti nədir, onlar çalışırlar ki, bu yolla bizi məhv etsinlər.
- Yəni onlar bizi narkotiklə vurmaq istəyirlər.
- Bir insanın psixikası pozuldusa, onun işi bitir. İran da, Rusiya da yaxşı bilir ki, bir insanın psixikası pozuldusa, fiziki cəhətdən qüsurlu adam oldusa onu gələcəyi nə ola bilər. Bu insan özünə, öz ölkəsinə necə faydalı ola bilər. Düşmənlərimiz bunu istəyirlər. Yenə deyirəm, narkoticarəti idarə edənlər adi, sıravi insanlar deyillər.
Stopnarkotik.az