“Ölkəmizdə narkomaniyanın cavanlaşması çox narahatedicidir” – DÖVLƏT KOMİTƏSİNİN ƏMƏKDAŞI

Həsən Əliyev: “Narkomaniyaya qarşı mübarizənin nəticəsini tez bir zamanda yox, yaxın illər ərzində müşahidə edəcəyik”

“Belə bir nüans var ki, işbazlar yeniyetmələrin emosiyalarından istifadə edərək, onları zərərli vərdişlərə, habelə kuriyerliyə cəlb etməyə çalışırlar”

Narkomaniya istənilən aludəçi ilə yanaşı, onun ailə üzvlərini, yaxınlarını da təhdid edir. Hansı ki, xüsusən də Azərbaycanda ailə insanların doğma tellərlə bağlandığı məfhum omaqla yanaşı, dövlətin gələcəyinin qarantıdır. Hər bir ailənin narkomaniyanın qurbanı olması cəmiyyəti sosial və mənəvi anlamda çöküşə sürükləyir. Bir sözlə, narkotikin dağıtdığı ailə valideyn qayğısından məhrum olmuş uşaq, onun sual altına düşmüş gələcəyi, sosial-mənəvi deqradasiya, dövlətə vurulan külli miqdarda zərər deməkdir. Elə narkotikin “zəhərli həzzi”ni yaşamağa verilən pullar da, bu aludəçilyə düçar olmuş şəxslərin reabilitasiya mərkəzlərində müalicəsi də bu qəbildəndir. Odur ki, Stopnarkotik.az olaraq, bu məqamları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin əməkdaşı Həsən Əliyevlə müzakirə etdik.

- Həsən müəllim, Azərbaycanda 2022-ci il üzrə nikahların sayı 61939, boşanmaların sayı isə 15983 olub. Bu boşanmaların neçə faizinin narkomaniya və digər asılılıq vərdişləri ilə bağlı olması haqda Sizdə statistika varmı?

- Bu cür mövzularla əlaqədar statistikanı biz paylaşmırıq. Bunları digər müvafiq icra hakimiyyəti orqanları paylaşır. Biz ildə bir dəfə, yaxud ilin hansısa rüblərində görülən işlərlə, müəyyən məsələlərlə əlaqədar statistik məlumatları Komitənin rəsmi “Facebook” səhifəsinə, yaxud saytında yerləşdiririk. Amma konkret olaraq narkomaniya ilə bağlı ailə dağılmalarının sayı haqda statistikanı Komitə paylaşmır.

- Məlumdur ki, narkotik aludəçisi evlidirsə, bu, əksər hallarda həmin ailənin dağılması, yəni boşanma ilə nəticələnir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu mənfi tendensiyanın qarşısını almaq üçün hansı tədbirləri görür?

- Təbii ki, biz maarifləndirmə işlərinin bütün formalarını həyata keçirməyə çalışırıq. Buna ailələrlə söhbət, risk qrupuna aid olan ailələrin nəzarətdə saxlanılması, çox sayda tədbirlərin həyata keçirilməsi, videoçarxların hazırlanması daxildir. Məsələn, qeyd edə bilərəm ki, bizim Bakı Metropoliteni ilə müqaviləmiz var. Hazırda da metropolitenin elektron monitorlarında, rayonlararası sürət qatarlarında, “BakuBus MMC”-yə məxsus olan avtobuslarda bu məsələ ilə bağlı videoroliklər, maarifləndirmə çarxları yayımlanır. Amma, təbii ki, Bakı şəhəri də daxil olmaqla, respublikanın digər regionlarında, hər getdiyimiz yerdə ailələrlə görüşlər keçirməyə çalışırıq. Komitənin tərkibində uşaqlara dəstək göstərən 11 mərkəz fəaliyyət göstərir ki, onlar da regionlarda risk qrupuna aid olan ailələrlə mütəmadi maarifləndirici söhbətlər aparmağa çalışırlar. Bununla əlaqədar təlimlər keçirirlər. Biz daimi olaraq maarifləndirmə təlimlərini həyata keçiririk. İmkan daxilində bunu çoxaltmağa çalışırıq ki, mənfi halların sayı azalsın.

- Təşkil etdiyiniz tədbirlərdə riskli ailələr necə, hansı özəlliklərinə görə seçilir?

- Təbii ki, riskli ailəni bir faktorla müəyyən etmək olmaz. Məsələn, ailədə narkotik istifadəçisi, spirtli içki qəbul edən, zərərli vərdişlərə meylli uşaq varsa, bunlar hamısı nəzarətdə saxlanılır. Zərərli vərdişlərə meylli uşaqlar tütün məmulatlarından istifadə edir və yaxud az yaşda spirtli içki qəbul etməyə meyllidir. Yaxud da ailələrdə məişət zorakılığı faktorları qeydə alınır. Bu cür ailələri biz nəzarətdə saxlamağa çalışırıq ki, onlarla mütəmadi söhbətlər edək, onları təşkil olunan tədbirlərə, təlimlərə cəlb edək, maarifləndirici söhbətlər aparaq.

- Bəs getdiyiniz təlimlərdə iştirakçı ailələrin siyahısını necə əldə edirsiniz? Tədbirləri təşkil etməkdə sizə hansı qurumlar kömək edir?

- Biz təlimləri əsasən qış fəslində, məktəblərin açıq olduğu dövrdə keçiririk ki, onlarla görüşə bilək. Yay fəslində şagirdlər rayonlarda olurlar və biz onlarla istədiyimiz kimi görüşə bilmirik. Görüşləri keçirmək üçün isə Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlayırıq, İcra Hakimiyyəti orqanlarını məlumatlandırırıq, risk qrupunda olduğu hesab olunan uşaqların, ailələrin tədbirlərə cəlb olunmasını xahiş edirik.

- Deməli, dolayısı ilə icra hakimiyyətləri, Elm və Təhsil Nazirliyi də bu prosesdə iştirak edir...

- Bəli, onlar bizə dəstək olur, çünki məktəblərin idarəetməsi onların səlahiyyəti çərçivəsindədir və onlar həmin yaşayış yerlərindəki əhali kontingentini tanıyırlar. Məsələn, uşaq məktəbi bitirib, amma ailə risk qrupuna daxildir, yerli icra hakimiyyəti orqanları həmin ailəni tanıyırlar, bu səbəbdən bizi düzgün istiqamətləndirə bilirlər ki, bu ailəni tanıyırıq, o ailədə elə şərtlər var ki, onu risk qrupuna aid etmək olar. Mütəxəssislərimiz tərəfindən söhbət aparılsa, düşünürük ki, müsbət nəticəsi ola bilər.

- Risk qrupuna aid uşaqlar əsasən disfunksional ailələrdə olur?

- Xeyr, bunu biz fərdləşdirə bilmərik ki, məhz bu ailələrdə risk qrupuna aid uşaqlar olur. Bu, istənilən halda olur. Məsələn, bəzən valideyn məsuliyyətisizliyindən irəli gələn hallarda olur. Belə ki, valideyn öz övladına yetərli vaxt ayırmır, onlarla kifayət qədər vaxt keçirmir, onların dərdlərilə maraqlanmır və s. Təbii ki, belə hallarda uşaq artıq ailədən qopmağa, digər yerlərdə özünə yeni dostlar, yeni əyləncələr axtarmağa çalışır. Bu təqdirdə də uşağın yanlış istiqamətlənməsi hallarına rast gəlinir. Ona görə də biz çalışırıq ki, belə uşaqları təşkil etdiyimiz tədbirlərə, təlimlərə cəlb edək, həmin uşağın yeni əhatə dairəsi, yeni uşaqlarla dostluğu yaranmağa başlasın. Dövlət tədbirlərində iştirak etmək onların həyata baxışını, dünyagörüşünü çox dəyişir. Uşaqlar artıq görürlər ki, bu həyat tərzi ilə davam etmək olmaz, dövlət tədbirlərində iştirak etmək, yeni dostlar tapmaq, zərərli vərdişlərdən uzaq durmaq onlar üçün nə qədər xeyirlidir. Onlar nəyin ziyanlı olduğunu anlamağa başlayırlar. Bu səbəbdən, keçirdiyimiz təlimlərlə risk qrupuna aid uşaqlarda yeni mühitin formalaşmasına çalışırıq.

- Bu uşaqlar çətin tərbiyə olunan uşaqlar kateqoriyasına daxildir?

- Çətin tərbiyə olunan uşaqlar başqadır, risk qrupuna aid olan uşaqlar başqa. Çətin tərbiyə olunan uşaqlarla işləmək, onları yeniliklərə cəlb etmək çox çətindir. Bununla bağlı da çox çalışırıq. Elə olur ki, çətin tərbiyə olunan uşaqları Dövlət Komitəsinə dəvət edirik. Burada həmin uşaqlarla mütəxəssilər söhbət aparırlar. Amma risk qrupuna aid olan uşaqlar başqadır. Ona görə, hər bir halda uşaqlarla işləyirik. Maarifləndirmə işlərini yalnız bu iki qrupda aparmırıq. Məsələn, Komitənin nəzdində fəaliyyət göstərən 15 uşaqdan ibarət “Uşaq Səfirlər Məclisi” var. Bu Məclisin Bakı şəhərinin bir neçə rayonunda fəaliyyət göstərən nümayəndəlikləri açılıb. Biz bu Məclisin nümayəndələrini də məlumatlandırırıq ki, onlar da öz ətraflarında, çevrələrində, oxuduqları məktəblərdə dostları ilə bu maarifləndirmə işlərini aparsınlar, digərlərini də bizim fəaliyyətə cəlb etsinlər. Yəni maarifləndirilmə işləri yalnız risk qrupu və çətin tərbiyə edilən uşaqlarla məhdudlaşmır. Biz bizimlə birgə fəaliyyət göstərən uşaqlarla da maarifləndirmə işləri aparırıq ki, onların bacarıqlarını artıraq, onlar da öz ətraflarında zərərli vərdişlərdən uzaq olmaq təbliğatını davam etdirsinlər.

- Həsən müəllim, hazırda narkomaniyanın qurbanları arasında yeniyetmələr də çoxdur. Ümumiyyətlə, aludəçilərin tərcümeyi-hallarına baxdıqda görürük ki, onların narkotiklərə marağı yeniyetmə yaşlarından başlayıb. Məlumatlara görə, onların real sayı rəsmi rəqəmlərdən çoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Öncə qeyd etmək istəyirəm ki, narkotiklərlə bağlı qeydiyyatda olan şəxslər narkotik vasitələrin qanunsuz istifadəsi, satışı, daşınması ilə məşğul olarkən məsuliyyətə cəlb edilənlər, könüllü müalicəyə cəlb olunmuş şəxslər və dövlət orqanları tərəfindən qeydiyyata alınan şəxslər hesab edilir. Təəssüf ki, məsuliyyətdən yayınmağa çalışan, müalicə olunmaq istəməyən insanlar da var. Ona görə də qeydiyyatda olan şəxslərin sayı zərərli vərdişlərlə məşğul olanların real sayı ilə üst-üstə düşməyə bilir. Narkomaniyanın cavanlaşması da çox narahatedici məqamdır. Belə bir nüans var ki, işbazlar yeniyetmələrin emosiyalarından istifadə edərək, onları zərərli vərdişlərə, habelə kuriyerliyə cəlb etməyə çalışırlar. Bununla əlaqədar Dövlət Komitəsi çox ciddi şəkildə maarifləndirmə işləri görür. Həm Bakı şəhərində, həm regionlarda yuxarı sinif şagirdləri ilə məktəblərdə maarifləndirici söhbətlər aparılır. Biz bu təlimləri DİN, Bakı Şəhər Baş Polis İdarəsi, yerli polis idarələri ilə birgə mütəxəssislər tərəfindən yüksək həssaslıqla həyata keçiririk. Çünki yeniyetmələrin beyinləri ağ vərəqdir, nə öyrətsən onu öyrənirlər və istənilən yanlış ifadə onlar arasında marağa səbəb ola bilər. Ona görə də yuxarı sinif şagirdlərilə, yeniyetmələrlə, azyaşlılarla maarifləndirmə təlimləri həyata keçirilərkən çox yüksək həssaslıqla prosesə yanaşmaq lazımdır. Çünki bu mövzu çox həssasdır.

- Narkotik aludəçiliyi ilə əlaqədar hətta azyaşlı övladını atan anaların olması hallarına da rast gəlinir. Hansı ki, bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət sahəsinə daxildir. Bu barədə durumu necə təsvir edə bilərsiniz? İşlər nə yerdədir? Komitə bununla bağlı hansı işləri görür?

- Əlbəttə, narkotik vasitələrdən istifadə edən insanların ailə fərdlərinə qarşı da məsuliyyətsizliyi görünən haldır. Ümumiyyətlə, Ailə Məcəlləsinin 64-68-ci maddələrində valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum etmə bəndlərində göstərilib ki, əgər bu fakt öz təsdiqini taparsa, ailə fərdləri, ata, ana övladlarına qarşı məsuliyyətsizlik göstərirsə, valideynlik hüquqlarını yerinə yetirmirlərsə müvafiq icra hakimiyyəti strukturları bununla bağlı araşdırma aparır. Araşdırmalardan sonra məhkəməyə müraciət olunur. Müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə bu məsələyə baxılır. Məhkəmədə də bu hal təsdiqini taparsa, valideynlik hüququndan məhrum edilir, yaxud valideynlik hüququ məhdudlaşdırıla bilər. Belə olan hallarda da biz uşağın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan sığınacaqlarda yerləşdirilməsi ilə əlaqədar sorğu göndəririk, məsələni nəzarətdə saxlayırıq.

- Sizcə, valideynin aludəçi olub-olmamasından asılı olmayaraq, bu vəziyyət uşağa necə təsir edir?

- Təbii ki, pis təsir edir, çünki uşaq valideyn sevgisindən, qayğısından aralı qalır və valideyinin narkotik aludəçisi olması onun psixologiyasına təsir edə bilir. Bununla bağlı biz daim psixoloqlarla uşaqların görüşünü təşkil etməyə çalışırıq ki, psixoloqlar uşaqlarla söhbət aparsın, psixoloji durumları yaxşı deyilsə köməklik etsinlər. İmkan daxilində elə uşaqların da təlimlərdə iştirakını təmin etməyə çalışırıq.

- Ümumiyyətlə, bu qəbildən olan uşaqlarda təlimlərdən əvvəlki və sonrakı vəziyyət necə dəyişir? Nə kimi müsbət irəliləyişlər müşahidə olunur?

- Narkomaniya ilə bağlı hal-hazırda ölkəmizdə nəinki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bir çox dövlət orqanları tərəfindən də çox ciddi şəkildə intensiv işlər aparılır. Və biz bu işlərin bir ay, iki ay, bir il içində geri dönüşünü görməyəcəyik. Biz ölkədə narkomaniya səviyyəsinin həddindən artıq aşağı düşməsini yaxın illər ərzində müşahidə etməyə başlayacağıq. Nəzərdə tutulan, qarşıya qoyulan hədəf budur. Çünki bir iş görülürsə, onun geri dönüşü bir müddət sonra özünü biruzə verir. Biz cəzaçəkmə müəssisələrində məhkumlarla söhbətlər aparırdıq. Orada da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuş şəxslər var. Söhbət əsnasında biz həmin şəxsə narkotikin zərərləri haqda məlumat verəndə təbii ki, o sabahkı gün narkotikin istifadəsini dayandırmır. Biz deyə bilmərik ki, belə hal olub. Amma yeniyetmələr, gənclər arasında apardığımız söhbətlərdən sonra könüllü olaraq müalicə olmaq istəyənlər, reabilitasiya mərkəzlərinə yerləşdirilmək istəyən insanlarla bağlı nəticəni bir neçə ildən sonra görəcəyik. 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi addımlar atılır, bir çox şəxslər məsuliyyətə cəlb olunurlar. Bir neçə ildən sonra biz narkomanların sayının ciddi şəkildə azalmasını müşahidə etməyə başlayacağıq.

- Cəzaçəkmə müəssisələrində sizin söhbətlər apardığınız insanlar əsasən hansı yaş aralığındadır?

- Bu fərqlidir. Azyaşlıların olduğu cəzaçəkmə müəssisəsi ayrıdır, böyüklərin olduğu ayrıdır. Biz onların hər ikisi ilə işləyirik. Azyaşlıların olduğu cəzaçəkmə müəssisələrini də Penitensiar Xidmətin iştirakı ilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birlikdə ziyarət edirik, oradakı məhkum olunmuş insanlarla sırf narkomaniya ilə bağlı söhbətlər aparırıq.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az