Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilir.
Oleq Bakinski həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilir.
Onlar ikisi də istintaq təcridxanasından məhkəmə zalına gətiriliblər.
Oleq Bakinski məhkəmə prosesi zamanı tərcüməçi istəməyib: “Mənə tərcüməçi lazım deyil. Bakılıyam. Yazmağı, oxumağı da bilirəm”.
İclasda anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.
***
Oleq Bakinskinin vəkili Xeyransa Babayeva vəsatət qaldıraraq müvəkkilinin işinin ayrıca icraata ayrılmasını istəyib.
Vəkil vəsatətini belə əsaslandırıb ki, müvəkkilinin digər müttəhimlə eyni icraatda mühakimə edilməsi düzgün deyil.
Müdafiə tərəfinin digər vəsatəti isə Oleq Bakinskinin ev dustaqlığına buraxılması istəyi ilə bağldır.
Kuçer Konstantin Antonoviçin vəkili isə bioloji ekspertiza keçirilməsini və məhkəməyə müstəqil auditor dəvət edilməsini istəyib.
Bioloji ekspertiza ona görə istənilir ki, zərərçəkmiş şəxsin və ya onun üzərində qan analizləri olub-olmadığı bilinsin.
İclasda o da məlum olub ki, Kuçer Konstantin Antonoviç Ukraynada müdafiə sənaye nazirinin müavini olub.
***
Prokuror və zərərçəkmiş şəxsin mümayəndəsi vəsatətlərin təmin edilməməsini istəyib.
Nümayəndə Samir İsayev əlavə edib ki, təqsirləndirilən Kuçer Konstantin Antonoviç İspanyada beynəlxalq axtarışdadır və ev dustaqlığına buraxılması düzgün deyil.
Müttəhim isə nümayəndənin dediklərinin yalan olduğunu bildirib.
Məhkəmənin qərarı ilə qətimkan tədbirinin dəyişdirilməsi və icraatın ayrılması ilə bağlı vəsatətlər təmin edilməyib. Bioloji ekspertiza ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb.
İlk baxış iclası yanvarın 24-ə təyin edilib.
Qeyd edək ki, ukraynalı müttəhimlər ötən ilin avqustunda Bakıda həbs ediliblər. Oleq Bakinski 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Kuçer Konstantin Antonoviç isə eyni Məcəllənin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham edilir./"qafqazinfo"