Nursultan Nazarbayevin abidəsi söküldü

Qazaxıstanın Milli Muzeyində ölkənin ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.

Bu barədə jurnalist Mixail Kozaçkov "Telegam" kanalında məlumat verib.

Muzeyin mətbuat xidmətindən bildirilib ki, abidə “Müstəqil Qazaxıstan” zalının təmiri ilə əlaqədar götürülüb. “Abidəyə gəlincə, bu eksponat muzeyin mülkiyyətidir və zalın konseptindəki dəyişikliklərlə əlaqədar olaraq Muzey Fondunda daimi saxlanılacaq”, - mətbuat xidmətindən bildirilib.

Muzey nümayəndələri muzeyi yeniləmək planlarını bölüşüblər:

“Muzey sosial yaddaş institutu kimi dövrün aktual tələblərinə cavab verməklə cəmiyyətə xidmət etməyə borcludur. Ona görə də yaxın gələcəkdə muzeyin ekspozisiya məkanının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər var. Buraya bir sıra sərgi salonlarının təmiri, binanın daxili və xarici fasadının təmiri, maddi-texniki təchizat və yenidən təchizatı daxildir", - onlar deyiblər.

Qeyd edək ki, Nazarbayevin abidəsi bundan əvvəl Astanada Müdafiə Universitetinin ərazisindən də sökülmüşdü. Müdafiə Nazirliyi bildirmişdi ki, sökülmə təhsil müəssisəsinin adının dəyişdirilməsi ilə bağlıdır.