NOVXANIDA GÜCLÜ PARTLAYIŞ - Vüqar Həşimovun valideynləri xəsarət alıb / YENİLƏNİB - 1

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

    Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

    *** 09:32

    Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

    FHN Mətbuat xidmətindən verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    **

    ***08:59

    Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

    Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

    Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

    Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.