Növbəti erməni fitnəsi: Özləri öldürüb azərbaycanlıların üstünə atırlar

“Bu gün Ermənistanın tutduğu mövqe Azərbaycan-Ermənistan münaqişəsi fonunda gərginliyə səbəb olacaq addımlar atmaq və sülhdən qaçmaqdır. Bunun üçün də yeganə üsul gərginlik fonu yaradaraq sülh müqaviləsinin imzalanmasından yayınmaqdır”. 

Stopnarkotik.az xəbər verir ki, bu sözləri Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

O, Ermənistan-Azərbaycan sərhədinin Paşalı-Şahbuz rayonları istiqamətində xidmət keçən Ermənistan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbçisinin güllə yarası alaraq həlak olması faktına münasibət bildirib. 

Xatırladaq ki, məlum hadisədən sonra Ermənistan Müdafiə Nazirliyi hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində həlak olması ilə bağlı dezinformasiya yaymışdı. 

Polkovnik Ramaldanov isə əlavə edib ki, bu açıqlama həm Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyindən irəli gəlir, həm də Ermənistanın havadarları bu gün məlum mövqeyi tutaraq Ermənistanı sülh müqaviləsinin imzalanmasından qaçırtmaq üçün müəyyən bir şərait yaratmaq istəyirlər. 

Hərbi ekspertin fikrincə, bu gün atəşkəs intensiv şəkildə pozulmasa da, Ermənistan tərəfi ordudakı əsgərlərin ehtiyatsızlqıdan yaralanmasını Azərbaycanın üzərinə atır: 

“Prinsip cəhətdən, burada başqa bir səbəb də ola bilər, çünki bu, birinci dəfə deyil. Ona görə ki, ermənilər Ermənistan ordusundakı özbaşınalığı Azərbaycanın üstünə ataraq müəyyən cinayətləri gizlədirlər. Belə olduğu halda ermənilər bir güllə ilə 2 dovşan vurmaq istəyirlər. Yəni onlar sərhəddə müəyyən gərginliyin olması ilə bağlı Azərbaycanı təqsirləndirirlər, digər tərəfdən isə ordudakı cinayətin ört-basdır etdirilməsi məqsədinə nail olurlar. Qısacası, burada yeni heç nə yoxdur və analoji hadisələr dəfələrlə olur. Əgər İrəvan eyni mövqeyi tutacaqsa, belə halların olması istisna olunmur”.