Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin (CM) 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z.Niftəliyev həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə təqsirləndirilib.
Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Hökmə əsasən Z.Niftəliyevin əməli CM-in 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir E.Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Z.Niftəliyev azadlığa buraxılandan bir müddət sonra başqa bir iş üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Hazırda o işlə bağlı ibtidai istintaq davam edir. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, hazırda başqa iş üzrə həbsdə olan Z.Niftəliyev 8 il 6 ay, bəraət almış E.Niftəliyev isə 8 il azadlıqdan məhrum edilib. E.Niftəliyev məhkəmə zalında həbs edilib.
Xatırlatma: Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb./pravda.az