Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər Hərbi Həhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim İlqar Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır.

Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib.

Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Qeyd edək ki, Z.Niftəliyev və E.Niftəliyev Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülüb. Z.Niftəliyev rüşvət almaqdan əlavə hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətmətməkdə təqsirləndirilirdi.

Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.