İsrail İranın nüvə obyektinə zərbə endirdi - FOTO

İsrail ordusu İrandakı "Taleqan" nüvə obyektinə zərbə endirib.

Bu barədə İsrail Ordusu (SAXAL) məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri bu hücum üçün dəqiq kəşfiyyat məlumatlarına istinad edib. Nəticədə, İranın nüvə proqramı ilə əlaqəli bir obyektə zərbə endirilib. İsrail Müdafiə Qüvvələri hücuma məruz qalan "Taleqan" kompleksinin İran tərəfindən nüvə silahı imkanlarını inkişaf etdirmək üçün istifadə olunduğunu iddia edib.

"Son illərdə kompleks gizli nüvə silahı inkişaf proqramı olan AMAD layihəsinin bir hissəsi kimi, qabaqcıl partlayıcı maddələr hazırlamaq və məxfi təcrübələr aparmaq üçün istifadə edilib", - deyə SAXAL-ın məlumatında qeyd olunub.

İsrail İrandakı Taleqan nüvə obyektinə zərbə endirib - FOTO

Bildirilib ki, İranın nüvə proqramı ilə əlaqəli "Taleqan" obyekti Tehran yaxınlığındakı Parçində yerləşir.

TMZ portalı isə xəbər verir ki, hava hücumundan sonra İrandakı "Taleqan" obyektində üç krater yaranıb. Jurnalistlərin sözlərinə görə, bu, İsrailin hücumda xüsusilə ağır bunker bombalarından istifadə etdiyini göstərir. Mütəxəssislər qeyd edirlər ki, zərbələr bir il əvvəl "Fordo" və "Natanzdakı" hədəflərə qarşı edilən zərbələrə bənzəyir.

İsrail İrandakı Taleqan nüvə obyektinə zərbə endirib - FOTO

Xatırladaq ki, İsrail qüvvələri İrandakı hədəflərə qarşı yeni genişmiqyaslı hücum dalğasına başlayıb. SAXAL-ın məlumatına görə bu hücumlar İslam Respublikası boyunca infrastrukturları hədəf alıb./oxu.az