Naxçıvandakı dönərxanalarda nöqsanlar aşkarlandı

Muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, monitorinqlər zamanı əsasən müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi, texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, xammalların müşayiətedici sənəd, baytarlıq arayışı və s. sənədlər olmadan qəbulunun həyata keçirilməsi, temperatur rejiminə əməl olunmaması, yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi və s. kimi hallar aşkarlanıb.

Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 4 nümunədə (2 toyuq və 2 mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, 1 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.