NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı müdafiə planları hazırlayıb. Onlar soyuq müharibənin bitməsindən bəri ən genişmiqyaslı hərbi planlardır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Plana əsasən, NATO-nun Avropadakı Ali Baş Komandanı təhlükə yaranarsa, Alyansın strukturları ilə məsləhətləşmədən bəzi qərarlar qəbul edə biləcək. Bununla yanaşı, Avropada yüksək döyüş hazırlığına malik qüvvələrin sayı 300 min əsgər və zabitə qədər artacaq.
Həmçinin, şərq cinahı ölkələri Alyansdakı müttəfiqlərin döyüş qruplarına dəstək verəcək.
Almaniya ən mühüm logistika mərkəzinə çevriləcək. Bundan başqa, boru kəmərlərinin və digər kommunikasiyaların Rusiyanın mümkün təxribatından qorunmasını təmin etmək üçün əlavə tədbirlər görüləcək.
“NATO inadkar döyüşlərə tab gətirə bilən ağır silahlı birləşmələrini genişləndirəcək, həmçinin hava hücumundan müdafiə sistemlərini gücləndirəcək, uzaqmənzilli artilleriya və raket ehtiyatlarını artıracaq”, – deyə Şimali Atlantika Alyansının rəhbəri fikrini yekunlaşdırıb.