NARKOTİKLƏ ƏLAQƏDAR CƏZALAR SƏRTLƏŞDİRİLSİN? – Yaxud günahsız insanların həbsə atılmasının qarşısını necə almaq olar?

Vəkil  Yusif Seyfəlov: “Cinayətdə ittiham olunan vətəndaş məhkəmədə bəraət alarsa, o işi aparan prosessual şəxs ciddi cəzalandırılmalıdır”

Narkotiklə bağlı cinayət faktları və məhkəmə işləri müntəzəm olaraq mediada işıqlandırılmaqdadır. Bəzən narkotik satışı ilə tutulan şəxslərin günahının sübut oluna bilmədiyi və bəraət alaraq elə məhkəmə zalından azadlığa buraxıldığı haqda məlumatlara da rast gəlirik. Hətta bəzi hallarda narkotiklə bağlı cinayət işlərinin şəffaf aparılmadığı, “qurunun oduna yaşın da yandığı”, kiminsə kimlərinsə, nələrinsə badına getməsi haqda söyləntilərə də rast gəlirik. Görünür, məhz bu səbəbdən də müəyyən ekspertlər narkotiklə əlaqədar cəzaların sərtləşdirilməsinə qarşı çıxırlar. Hansı ki, bu yaxınlarda qonşu Gürcüstanda, ardınca isə qardaş ölkə olan Türkiyədə narkotik cinayətlərinə görə cəzalar kifayət qədər sərtləşdirildi. Lakin nədənsə, bizim ölkəmizdə bu cür sərt cəzaların tətbiq olunmasına qarşı dirənişlər mövcuddur. Cəmiyyətdə belə fikirlər var ki, son vaxtlar narkotik cinayəti ilə bağlı həbsə düşənlərin arasında “suçsuz insanlar da olduğundan”, hazırda bu cür addımın atılması, yəni cəzaların sərtləşdirilməsi yanlış olar.

Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyimiz kimi, bəzi hallarda bu cür düşüncələrə əsas verən məhkəmə halları ilə də qarşılaşırıq. Hansı ki, külli miqdarda, hətta xüsusilə külli miqdarda narkotiklə yaxalandığı iddia olunan şəxslər məhkəmə zalından azadlığa buraxılır.

Odur ki, cəmiyyətdə mövcud olan bu kimi ziddiyyətli fikirlərlə bağlı vəkil Yusif Seyfəlovla söhbətləşdik.

- Narkotik cinayəti ilə həbs olunan şəxslərə qarşı ittihamlar bəzən sübut oluna bilmir, nəticədə onlar bəraətlə məhkəmə zalından azadlığa buraxılırlar. Bir vəkil olaraq, bu kimi halları necə qiymətləndirirsiniz?

- Bu məsələ fərdidir. Əliyev Əlinin işi ilə Vəliyev Vəlinin işini müqayisə etmək düzgün deyil. Müxtəlif ittiham olunan şəxslərin müstəntiqləri başqa-başqa şəxslər olur. Hər müstəntiq də öz biliyi, bacarığı, təcrübəsinə əsasən cinayət işini aparır. Cinayət işini apararkən də Cinayət Prosessual Məcəlləsinin qanunvericliyinə əsasən müəyyən istintaq hərəkətləri aparılır. Məsələn, bir müstəntiq o hərəkətləri aparanda belə hallar olur ki, o, sübutları kifayət qədər toplaya bilmir, zəif sübutlara istinad edir. Və yaxud da sübutlar digər müdafiə tərəfinin sübutları ilə təkzib edilir. Belə olan hallarda bəzi işlər olur ki, həqiqətdə həmin işdə narkotik məsələsi olur, amma sübutların zəifliyindən öz təsdiqini tapa bilmir.

Bəzi hallarda isə təqsirləndirilən şəxs bildirir ki, bu işin ümumiyyətlə mənə aidiyyatı yoxdur. Və aparılmış araşdırma nəticəsində həqiqətən də bu şeyin olmadığı öz təsdiqini tapır, bəraət hökmü çıxır. Yəni hər bir halda, istər təqsiri olan, istər də təqsiri olmayan vətəndaşın məsələsi olsun, bu sənədləri toplayan, istintaqı aparan prosessual şəxsdir. Əgər sübutar kifayət qədər mötəbər deyilsə, o zaman qarşı tərəf də müdafiə ilə bağlı bütün üsullardan istifadə edib müdafiə prosesini qura bilirsə, həmin şəxsin təqsirsizliyi sübuta yetirilir. 

- Bu kimi saxta ittihamlarla həbsə düşmə halları varsa, belə çıxır ki, bu insanlar qəsdən şərlənir. Bəs, bu zaman əsasən kimlərin marağı ortaya çıxır?

- Dediyim kimi, necə hər bir iş individualdırsa, hər bir işin özünə görə də müəyyən səbəbləri ola bilər. Yəni biz bunu ümumiləşdirib bir cavab versək ki, səbəb konkret filan məsələdir, yanlış olar.

- Bu günlərdə Türkiyədə narkotik cinayətləri ilə bağlı qanunlar sərtləşdirildi. Bəzən belə fikirlər səsləndirilir ki, bizim ölkəmizdə də narkotiklə bağlı cəzalar artırılmalıdır. Amma cəmiyyətdə belə rəy də var ki, bu cinayət işləri ilə bağlı həbsə düşənlər arasında günahsız insanlar da olduğundan, onları daha da bədbəxt etməyək. Biz necə edə bilərik ki, günahsız insanlar cəza çəkməsin?

- Tutq ki, hər hansı istintaqla bağlı bir cinayət işi getdi. İş getdi məhkəməyə, məhkəmədə qərar açıqlandı ki, bu adam təqsirsizdir. Yəni bu adam uzun müddət boş yerə, haqsız yerə həbsdə yatıb. Məhkəmə tərəfindən həmin işi aparan şəxs barədə qərar çıxarılır ki, bu işi aparan prosessual şəxs cəzalandırılsın. Mən hesab edirəm ki, bu cəza məsələsi daha şiddətli olsa, həmin o araşdırma aparan şəxslər daha məsuliyyətli olacaqlar. Məsələn, görəcəklər ki, filankəs işi səhlənkar apardı, nəticədə həmin işlə bağlı bəraət alındı, prosessual şəxs cəza aldı. O, ciddi cəzanı gördükdən sonra hesab edirəm ki, məsuliyyət də artacaq. Yəni bu işi məhkəməyə verəndə, artıq “keçər-keçər, keçməz-keçməz” adıyla verilməyəcək. Konkret o qənaətə gəlinəcək ki, bax, məhkəmədə mötəbər sübutlar var, onda verəcəklər. Çünki həmin sənədi məhkəməyə verən prosessual şəxs təhlükə hiss edər. Təhlükə hiss edər ki, birdən ittiham olunan şəxs gedib bəraət alar, mənim karyerama son qoyarlar. Amma mən işi aparan prosessual şəxs olaraq fikriləşsəm ki, uzaqbaşı mənə bir xəbərdarlıq gələcək, düşünəcəm, əşşi, nə olacaq, verim getsin. Yəni bu cür düşünüb də, həmin sənədləri mötəbər sübutlar olmadan vermək olur.

Adi bir şey deyim sizə. Tutaq ki, vətəndaş daşınmaz əmlakla bağlı sənədləşdirmə aparmaq istəyir, vətəndaşların 90%-nə imtina verirlər. Vətəndaş 1 il, 2 il, 3 il məhkəmələrə gedir, axırda məhkəmə deyir ki, vətəndaş haqlı idi. Amma ona imtina verən həmin şəxslər ciddi cəzalanmır. Ciddi cəzalanmadıqları üçün də onlar vətəndaşların 90%-nə imtina yazırlar gedir. Yəni sırf bunun üstündə iş aparan şəxslər cəzalansa, bu kimi halların bəlkə də 90%-nin qarşısı alınacaq.

- Bəs, bunun üçün qanunda hansısa dəyişiklik etmək lazımdır?

- Xeyr, bu, qanunda var. Qanunda var ki, məhkəmə xüsusi qərar çıxarır, həmin orqanın rəhbərliyinə göndərilir. Məsələn, FHN-dirsə, onun rəhbərliyinə göndərir, polisdirsə DİN-ə göndərir, DTX-ya aiddirsə, onların rəhbərliyinə göndərir. Yəni prosessual şəxs hansı orqanın istintaqçısıdırsa, cəza xəbərdarlığı o orqana göndərilir. Sadəcə, təcrübədə o xüsusi qərarla bağlı tətbiq edilən cəzalar çox yumşaqdır. Məsələ də budur.

-Başqa nələr etmək olar ki, günahsız yerə tutulanlar məhkəməyə qədər həbsə atılmasın, əsassız yerə cəza çəkməsin, proses şəffaf getsin?

- Məhkəməyə getməməsi üçün də vəkillərin üzərinə öhdəlik düşür. Vəkillər bacardıqlarını etməlidirlər ki, işin məhkəməyə getməsinin qarşısını alsınlar. O da hər bir vəkilin hüquqi bacarığına, təcrübəsinə, savadına bağlıdır, bu da individualdır. Vəkil var, cəmi bir ildir fəaliyyət göstərir. Bəzən də 20 ilin vəkili olur ki, burada təcrübə, bilik, savad və s. də rol oynayır. Amma dediyim kimi, kütləvilik məsələsi ki, deyirsiniz – çoxlu şikayətlər gəlir, günahsız yerə şərlənmə ilə həbsə atılmalar var, sırf öz şəxsi təcrübəmdən deyə bilərəm ki, cinayət materiallarını məhkəməyə təqdim edən prosessual şəxs hansı orqanın əməkdaşdırsa, bir var ciddi cəza düşünsün, məsuliyyəti tamam fərqli olsun, o ciddi cəzadan çəkinəcək. Bir də var, işi müəyyən bir yerə çatdırır, sonra prokurora məruzə edir ki, bu işdə bu var, o var, orada səthi məruzə ola bilər. Amma görürsə ki, orada ciddi cəza ola bilər, avtomatik bütün işi çılpaqlığı ilə ortaya çıxarmağa başlayacaq ki, birdən işi verərlər məhkəməyə, adam bəraət alar, mən ciddi cəza alaram. Hesab edirəm ki, yalnız o cəzanı ciddiləşdirməklə bunun qarşısını almaq olar.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az