Narkotikdən cinayətə: ayrılmaz bağlar

Narkoticarət mütəşəkkil cinayətkarlığın ən gəlirli formalarından biridir. Kriminal repertuarda narkomafiya deyilən təşkilatlanma korrupsiyanı qidalandıraraq alovlandırır, terroru maliyyələşdirir və zorakılığı artırır. Narkotiklərin istehsalı və yayılması ilə məşğul olan cinayətkar qruplar yeni texnologiyalardan və tədarük zəncirlərindən istifadə edərək daim hər vəziyyətə alışırlar, işləyirlər.

Narkoticarət dövriyyəsinin digər cinayət növləri ilə inteqrasiyası xüsusi narahatlıq doğurur. Mütəşəkkil cinayət qrupları narkotik satmaq, çirkli pulları yumaq və sıralarına yeni əməkdaşlar cəlb etmək üçün internetdən fəal şəkildə istifadə edirlər. Onlar darkneti, kriptovalyutaları və anonim messencerləri ələ keçirirlər ki, bu da onları ifşa etməyi və qarşısını kəsməyi çətinləşdirir.

Narkotik cinayətinin əsas aspektləri isə bu yöndədir:

Beynəlxalq narkoticarət şəbəkələri: Narkotiklər çox vaxt mürəkkəb logistika marşrutlarından istifadə edərək sərhədlərdən keçirilir.

Çirkli pulların yuyulması: Narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən böyük gəlirlər leqallaşdırma üçün mürəkkəb sxemlər tələb edir.

Əyri yola salma və istismar: Sosial-iqtisadi durum baxımından həssas insanlar borc və ya digər asılılıq yolu ilə düz yoldan çıxarılıb əyri yola salınmaqla cinayət fəaliyyətinə cəlb edilə bilir.

Qeyd edək ki, Azərbaycan da bu deyilənlərdən kənarda qalmır. Statistika Komitəsinin verdiyi məlumata görə, 2023-cü ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 10057 olub. Bu göstəricidən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələr və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı cinayətlərin sayı 9 671, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə 296 olub. 2023-cü ildə narkotik dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayı 8697 olub. Bu ildə məhz narkotikin təsiri atında törədilmiş cinayət sayı 5, onu törədənlərin sayı isə 10 olub. 2023-cü ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunanların sayı 7 505 nəfər olub.

Maraqlıdır ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəqəmlərinə görə, narkotiklərlə bağlı cinayət faktı 9758 olub. Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı, 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilib, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olmuşdur. 3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib, yəni residivdir.

2024-cü ildə hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8871 cinayət faktı aşkarlanmışdır. Onlardan 2997-si narkotik vasitələrin qanunsuz satışı, 5639-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 229-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 6-sı bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 7316 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 539 nəfər, 26-29 yaşadək 1088 nəfər, 30 yaş və ondan yuxarı isə 5685 nəfər təşkil edir. Həmin şəxslərdən 7085-i kişi, 231-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 71 nəfəri xarici ölkə vətəndaşı olub. Burada diqqəti cəlb edən maraqlı nüans budur ki, narkotik cinayətləri törədən qadınların sayında artım baş verib. Belə ki, 2023-cü ildə narkotik cinayəti edən qadın sayı 199 idisə, 2024-cü ildə bu say 213-ə qalxıb. Bundan başqa, 3202 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib (yəni residivdir) və onlardan 2 ton 015 kq 101,147 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Buradan belə qənaət hasil olur ki, 2023-cü illə müqayisədə 2024-cü ildə residiv 114 təkrar cinayət faktı ilə artıb.

2025-ci ilə gəlincə, hələ ki, bu ilin yanvar-aprel yekunu üzrə 2992 cinayət faktı aşkarlanıb. Onlardan 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2074-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə isə hələlik 1499 nəfər cəlb edilib, hansı ki, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır. Yanvar-aprel perioduna olan residiv 621-dir. Yəni 621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 555 kq 050,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 

Stopnarkotik.az