Narkotik satıcıları dövlət təhlükəsizliyimizi də təhdid edir – ONLARIN SÜRƏTLƏ SİLAHLANDIĞI MÜŞAHİDƏ OLUNUR

Narkomaniya insan həyatını öz məcrasından çıxarmaqla yanaşı, nəinki bir fərdin, ümumiyyətlə cəmiyyətin gələcəyini təhdid edən böyük bəlaya çevrilib. Hətta belə deyə bilərik ki, narkomaniyanın özü ilə gətirdiyi dağıdıcı problemlər bütövlükdə insanlığı hədəfə alıb.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan da "narkotik pandemiyası"ndan nəsibini alıb. Əsasən əhalinin gənc təbəqəsini toruna salan narkotik tacirləri hər bir fərdin fiziki və mənəvi deqradasiyası ilə yanaşı, sözün əsl mənasında dövlət təhlükəsizliyinə təhlükə yaradırlar. Bu təhlükə sıravi narkotik satıcılarından tutmuş, “dövlət içində dövlət” olmuş məmur-oliqarxların fəaliyyətindən qaynaqlanır.

Düşünə bilərsiniz ki, həqiqətən də vəziyyət bu qədər ciddidir? Bəli, durum çox ciddidir. Çünki narkobiznesi himayə edən məmurlar əldə etdiyi pullar hesabına öz ətraflarında silahlı qruplar yaradıblar ki, onların bu əməlləri gələcəkdə çox ciddi problemlərə səbəb ola bilər. Heç də təsadüfi deyil ki, narkotiklə yaxalanan hər 5 şəxsdən birinin üzərində silah da aşkarlanır. Fikrimizin təsdiqi üçün bir neçə rəsmi məlumatı misal göstərək:

“Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş Elbəyi Əmirov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib”.

Başqa bir misal: “DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun verdiyi məlumata görə, üzərində narkotik vasitə və odlu silah-sursat daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Həsənov saxlanılıb və axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb”.

Daha bir neçə fakt: “Ağstafa rayonunda gizlədilən narkotiki satmaq üçün götürən Qazax sakini Rusılan Cəfərovun idman çantasından müxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu silah aşkar edilərək götürülüb.

15 il əvvəl qətl cinayəti törədən, bundan əvvəl də məhkum olunmuş Ərəstun Zülfüqarov tutulub və ondan bir ədəd “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə heroin aşkar olunaraq götürülüb”.

Əlbəttə, internetdə araşdırma apardıqda bu haqda onlarla informasiyaya rast gəlmək olar. Deməli, məsələ o qədər də sadə deyil. Üstəlik, nəzərə alsaq ki, narkotik satıcılarının bir çoxu bu və ya digər şəkildə İrana bağlıdır, deməli, onların silahlandırılması çox böyük təhlükələrə yol aça bilər. Ən azı, molla rejimi istədiyi adamı onların əli ilə aradan götürə bilər. Necə ki, millət vəkili Fazil Mustafaya qarşı bu addım atılmışdı…

Apardığımız digər araşdırma isə ortaya qoyur ki, son vaxtlar narkotiklə tutulan şəxslərin bir hissəsi bu əmələ görə ilk dəfə həbsə düşmürlər, onların bəziləri eyni ittihamla - narkotik saxlamaq və satmaq ittihamı ilə dəfələrlə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin məhbəs həyatından sonra yenidən narkotik alveri ilə məşğul olması isə təəccüb doğurmur. Çünki bizim ölkəmizdə narkotik satmağa görə cəzalar yetərli qədər ağır deyil və həbs müddəti də azdır. Buna görə, narkotik saxlamağa və satmağa görə həbs onlara “dərs” olmur, əksinə içəridə "müştəri kruqu"nu daha da genişləndirdiklərinə görə, həbsxana onlara motivasiya qaynağı da ola bilir. Həm də həbsdə ikən İranlı tacirlərlə qaynayıb-qarışmaq onları və alverlərini daha da “təkmilləşdirir”.   

Ələ keçən kiçik miqyaslı narkotik tacirlərinin - istər silahlı olsun, istər silahsız - ortaq cəhəti budur ki, onların əksəriyyəti keçmiş məhkumlar, belə desək, türmələrin "ələyindən keçmiş” şəxslərdir. Şübhəsiz, indiki halda onların islah edilməsi imkansızdır. Bir halda ki, indi molla da narkotik satışı ilə məşğuldur, burada artıq sözə hacət yoxdur. Söhbət Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Cümə məscidinin axundu Hacı Telman Əsədullayevin həbsindən gedir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Telman Əsədullayev Bakıda hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və üzərindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Və yenə də işin içində İran varsa, durum təhlükəlidir.

Bir sözlə, ölkədə narkotik ticarətinin kökü həm də ona görə kəsilməlidir ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu problem artıq dövlətimizin təhlükəsizliyini də təhdid edir. Odur ki, bu məsələdə heç bir “çiyni ulduzlu” məmura güzəşt etmək olmaz, narkotik biznesinin arxasında kim varsa, aşkara çıxarılmalı və hüquq müstəvisində cəzalandırılmalıdır.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az