“NARKOTİK GÖYDƏN DÜŞMÜR, ONU ÖLKƏMİZƏ GƏTİRİRLƏR…” – Nəzakət Məmmədova: “…Bunlar millətin axırına çıxmaq istəyən insanlardır”

“Narkotik qatı düşmənimizin əliylə torpağımıza girir”

“Mən belə düşünürəm ki, ailədə uşağa verilən tərbiyə onun bazasında toplanır. Uşaq həmin tərbiyəni məktəbə, cəmiyyətə ötürür”. Bunu Stopnarkotik.az-a açıqlamasında tanınmış şairə-publisist, "Yada düşdü" jurnalının və "Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru, "Tərəqqi" medallı Nəzakət Məmmədova bildirib. Onun fikrincə, narkotikə və digər asılılığa meyl edən gənclərin bir çoxu uşaqlıqda düzgün tərbiyə almayanlardır:

“Mən deyərdim ki, hər şey ailədən başlayır. Bir rəssam şəkil çəkib0, onun əlindən şəkilini alıb cırsan və yaxud ləkələsən, əlbəttə, ona çox pis təsir edər. Çünki bunu o yaradıb. Biz analar da Allahdan sonra ikinci yaradanlarıq. Biz yaratdığımız övladın üstündə əsməliyik. Yoxsa uşaq getdi kiməsə qoşuldu, pis yola düşdü, nə bilim nə... Mən belə şeylərin əleyhinəyəm. Düşünürəm ki, ailədən, ibtidaidən uşağa verilən tərbiyədə nə varsa, bu, onun bazasında toplanır. Uşaq o bazanı məktəbə, cəmiyyətə ötürür. Əgər o baza mükəmməldir, deməli, həmin insan cəmiyyətə yararlı birisi olacaq.

N.Məmmədova deyir ki, hər bir valideyn övladları ilə dost olmağı bacarmalıdır: Mən həmişə övladlarıma da, gəlinlərimə də deyirəm ki, uşaqlarınızla dost olun, onlarla dost kimi davranın, belə etsəniz, bu tək sizin üçün deyil, həm də cəmiyyət üçün xeyirli olacaq. Bu günün övladı sabahın əsgəri, dəyərli vətən oğludur. Valideyn uşaqları ilə elə ünsiyyət qurmalıdır ki, övladı ona yaxşını da, pisi də danışa bilsin. Uşaqları tam sərbəst qoymaq olmaz. Uşaq valideynini birinci dostu bilməlidir”.

Nəzakət xanım bu fikirdədir ki, valideynlər övladlarının maarifləndirilməsini məktəbin, cəmiyyətin üzərinə atmamalıdır: “Mən düşünürəm ki, ailələr bu işin üstündə əsməlidirlər. Onlar bəzən bu işləri məktəbin, universitetin, cəmiyyətin üstünə atır. Bunun mən tam əleyhinəyəm. Biz ailələrimizi də maarifləndirməliyik. Maarifləndirmə güclü olmalıdır. Bu da var. Amma boşluq yenə də ailədən gəlir. Qadınlarımıza üzümü tutub deyirəm ki, əl-ələ verək, övladlarımızı qoruyaq”.

Nəzakət Məmmədovanın fikrincə, ölkəmizə narkotik vasitələri gətirənlər millətimizin axırına çıxmaq istəyən, gəncliyimizi məhv etməyən çalışan insanlardır: “Narkomaniya ölkəmizdə necə yayılır? Bəllidir ki, narkotik maddələr torpağımıza qatı düşmənimizin əliylə girir. Mən inanmıram ki, xalqını, millətini sevən adam pul qazanmağın yolunu burda görsün. Beləsi varsa, demək, o, heç ailəsini də sevmir. Çünki narkotik göydən düşmür, onu bura hansısa yollarla gətirib çıxarırlar. Deməli, bunlar bu millətin axırına çıxmaq istəyən, milləti xəstə, zəlil etmək istəyən insanlardır.

Narkotikə aludə olan insandan nə gələcək gözləmək olar?! Onun gələcəkdə ailəsi də normal olmayacaq. Bu adamlar nə ailəyə, nə də cəmiyyətə yararlı olacaq. Narkotik istifadə edən heç ailəsini də tanımır. Bütün bunları düşünəndə fikirləşirsən ki, burda düşmən əli var.

Hərdən qısa roliklər gedir. Doğulmamış uşaq göstərirlər ki, “mən doğulsaydım, sizin övladınız olacaqdım, sən narkotikə aludə oldun, mən də doğulmadım”. Birin də göstərirlər ki, ana qapını oğluna tam açmır, arada zəncir var, oğlu o zəncirdən əlini salıb, ananın sinəsindən sepini aparır. Bundan faciəli nə ola bilər? Görün, narkotik insanları hara qədər alçaldır, rəzil edir!

**

Ümumiyyətlə, təbliğatımız güclü olmalıdır. Deyirlər ki, bu adamlarla psixoloqlar işləməlidir. Yox, mən deyirəm ki, gəlin, bu işləri televiziyanın, radionun, mətbuatın üzərinə ataq. Tək evin içi deyil. Biz istəyirik ki, qonşu da yaxşı təhsil alsın, düz yolda olsun. Ətrafa da nəzər yetirməliyik. Mən belə düşünürəm. Bu, dinimizdə də var. Əsl müsəlman nə əliylə, nə də diliylə heç kəsi incitməyən kəsdir. Bir-birimizə dəstək olaq, bir-birimizə kömək olaq.

Bu işdə bizə idealogiya da lazımdır. Bir də görürsən ki, hansısa filmin ortasında bir reklam gedir. Həmin reklamların yerində narkotiklə, “ağ ölüm”lə bağlı roliklər göstərilsə, çox maraqlı olar. İnsan, o uşaq baxır da ona. Mütləq şəkildə yaxşını, pisi seçəcək”.

N.Məmmədova hesab edir ki, zərərli vərdişlərlə bağlı təbliğat orta məktəb dərsliklərində də yer almalıdır: “Deyirlər ki, məktəblərdə psixoloqlar var. Amma hər məktəbə bir psixoloq güclə düşür. Dərslik kimi olsa, o dərsliklərin bir bölməsində versələr ki, bunlar zərərli vərdişlərdi, insanı insanlıqdan çıxarır, sən təcrid olunmuş adama çevirilirsən və s. bunu uşaqların beyninə yeritmək olar. Zərərli vərdişlərlə bağlı təbliğat dərsliklərdə mütləq şəkildə yer almalıdır”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az