Xəbər verdiyimiz kimi, uzun illər əvvəl Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova narkotik aludəçilikdən xilas olmaq üçün yenidən bu gün efirə çıxıb.
“Elgizlə izlə” ictimai-sosial proqramının canlı yayımına gələn Təhminəyə verilişin aparıcısı Elgiz Əkbər 6 ay özəl reabilitasiya mərkəzlərinin birində müalicəsi üçün yardım edəcəyini bildirib.
Keçmiş model aparıcının bu addımını müsbət qarşılayaraq müalicəyə razılığını verib. Təhminə bildirib ki, sağaldığı təqdirdə onun İngiltərə vətəndaşı, milyarder həyat yoldaşı Stefan ona maddi yardım edəcək. Həmin an studiyada qonaq olan meyxanaçı və müğənni Samirə Yusifqızı müalicə aldıqdan sonra Təhminəni prodüser kimi öz yanına işə götürəcəyini və hər ay ona maaş verəcəyini açıqlayıb. Bundan savayı o bildirib ki, keçmiş model xarici dilləri bildiyi üçün onu daha sonra yüksək məvacibli işə düzəldəcək.
Qeyd edək ki, Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq “Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı. Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı.
Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik, hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır” açıqlamasını vermişdi.