Gənclər və İdman Nazirliyinin Sosial Proqramlar sektorunun müdiri: “Zərərli vərdişlərin ən yüngül formaları energetik içkilərdən, siqaretdən, spirtli içkilərdən başlayır”
Ölkəmizdə genişlənmədkə olan narkomaniya əsasən də yeninyetmə və gənclərimizi hədəf alıb. Məlumdur ki, Azərbaycan toplumu son vaxtlar bu bəla haqqında əvvəlki illərdə olduğundan daha çox məlumatlıdır. Bu da dövlət səviyyəsində narkomaniyaya və narkotik vasitələrin qeyir-qanuni dövriyyəsinə qarşı aparılan mübarizənin nəticəsidir. Amma həyata keçirilən tədbirlərə baxmayaraq, düşmən qüvvələr tərəfindən xalqımıza qarşı narkotiklərlə törədilən genosidin qarşısını ala bilmirik, yəni nəticə hələ ki, arzuedilən səviyyədə deyil. Sözügedən məsələ barədə Gənclər və İdman Nazirliyinin Sosial Proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova ilə söhbətləşdik.
- Nərmin xanım, Azərbaycanda narkomaniyaya qarşı görülən tədbirlərə baxmayaraq, hələ də bu bəlanı durdura bilmirik və narkomaniya daha çox gənclərimizi hədəf alır. Sizcə, gənclərimizin narkomaniya tələsinə düşməsində hansı amillər rol oynayır?
- Mən bununla razıyam. Əslində, deyirlər ki, bir rəsmi statistika var, bir də qeyri-rəsmi statistika. Hazırda rəsmi statistikaya görə, 35 mindən çox narkoman var. Amma reallıqda bu rəqəm daha çoxdur. Həmçinin, onu da nəzərə alaq ki, göstərdiyi təsirin ağrılıq səviyyəsinə görə, narkotikin müxtəlif növləri var. Bəziləri bilmədən hazırda “patı” deyilən narkotiki konfet və yaxud arıqlamaq üçün həb kimi qəbul edirlər. Bunun da onların sağlamlığına nə qədər ziyan olduğundan, onları nə qədər asılı vəziyyətə salmasından xəbərdar olmurlar. Ona görə, fikrimcə, narkomaniyanın bu qədər yayılmasına səbəb əhali arasında məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. İnsan məlumatsızlıq ucbatından narkotiki daha erkən yaşlardan dadırsa, buna haradansa maraq oyanıbsa, demək, səbəb məlumatsızlıqdır. Məlumatlı insan bilmədiyi şeylərə daha çox qorxu ilə, daha çox tənqidi yanaşar, düşünər ki, bunun ucbatından mənim başıma nə gələcək, necə olacağam?!
Bu səbəbdən, bizim hədəf qrupumuz olan gənclər arasında narkomaniya daha çox məlumatın az olduğunudan yayılır. Baxmayaraq ki, məlumatlılıq səviyyəsini artırmaqla bağlı çox işlər görülür, maarifləndirmə aparılır, aidiyyəti qurumlar, o cümlədən də bizim Gənclər və İdman Nazirliyi tərəfindən xeyli tədbirlər görülür, amma hələ də əhali və xüsusən gənclər arasında məlumatlılıq səviyyəsi kifayət deyil. Bunu aradan qaldırmaq bir qədər çətindir. Sadəcə, görüşlər keçirmək, iştirakçılara “uşaqlar, narkotiklər pis şeydir, ona əl vurmayın, uzaq durun, dadmayın”, demək kifayət deyil. Maarifləndirmə tədbirləri davranışların dəyişilməsinə gətirilməldir. Zərərli vərdişlər nədən başlayır - ən yüngül formaları energetik içkilərdən, siqaretdən, spirtli içkilərdən. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda da 18 yaşa qədər uşaqların energetik içkilər, tütün məmulatları, alkoqollu içkilərdən istifadəsi qadağandır. Bunlar hamısı – həm qadağan olunmuş maddələrdir, həm də insanların sağlamlığına ziyanlıdır, amma təəssüf ki, uşaqlar onları asan əldə edə bilir.
Nərmin Aslanbəyova
- Yəni, sizin fikrinizcə, uşaqları yönəltmək lazımdır ki, onlar pis vərdişlərə yaxın getməsinlər.
- Əlbəttə, onları yönəltmək, erkən yaşlardan onların fəsadları haqqında başa salmaq lazımdır. Bu da təkcə qurumlarının işi deyil. Burada ailənin rolu da böyükdür və mütləqdir. Hər şey ailədən başlayır. Çünki elə valideynlər var ki, uşaqların pis yola düşməsini, zərərli vərdişlərə qurşanmasını istəməməsinə baxmayaraq, özü pis nümunə olur. Məsələn, əlində siqaret tutaraq, “siqaret çəkmək pisdir”, deyə yeniyetməyə necə nümunə ola bilər?!
- Yəni ən yaxşı tərbiyə şəxsi nümunədir.
- Həm şəxsi nümunədir ki, o da ailədən başlayır, həm də məktəbin, bizim Gənclər və İdman Nazirliyinin rolu böyükdür. Davamlı, sistemli iş aparılmalıdır.
- Onda gəlin sualı belə qoyaq. Gənclər və İdman Nazirliyi olaraq gənclərin həyatının sağlam təməllərə köklənməsi üçün hansı işləri görürsünüz? Ümumiyyətlə, bu problemi önləmək üçün cəmiyyət olaraq - ailə və rəsmi dövlət qurumları koordinasiyalı olaraq necə işləməlidir?
- Bilirsiniz ki, ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsiz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Dövlət qurumlarının səlahiyyətli nümayəndələri, əsasən nazir müavinləri səviyyəsində bu komissiyada təmsil olunurlar. Hal-hazırda narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üzrə dördüncü dövlət proqramı icra olunur. Bu sahədə olan artıq dördüncü 5 illik proqramdır. Gənclər və İdman Nazirliyi digər dövlət qurumları ilə yanaşı, bu proqramın icraçısıdır və nazirliyimizin öhdəsinə 14 bəndin icrası düşür. Gənclərin asudə vaxtının səmərəli təşkili, maarifləndirmə, idmana yönləndirilmə və s. bu kimi məsələlər daha çox bizə aiddir. Bizimlə yanaşı, maarifləndirməni Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də aparırlar.
- Nərmin xanım, maarifləndirmə çərçivəsində siz qurum olaraq hansı tədbirləri keçirirsiniz?
- Qeyd edim ki, Dövlət Komissiyası hər il iclas keçirir. Bu iclaslarda protokollar qəbul edilir və onlar icra olunmalıdır. 2022-ci ildə bu Komissiyanın iclasında bir protokol imzalanmışdı. Protokola uyğun olaraq yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün tədbirlər planının hazırlanması nazirliyimizə həvalə olunub. 2022-ci ilin 26 mayında Dövlət Komissiyasının sədri Əli Əhmədovun imzası ilə həmin plan təsdiqlənib. Plana uyğun bir neçə istiqamət üzrə fəaliyyətin təşkili nəzərdə tutulub, məsələn, gənclər arasında sorğunun keçirilməsi, gənclərlə işləyən mütəxəssislər üçün risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi üzrə təlimlərin keçirilməsi, onlar üçün metodik vəsaitlərin hazırlanması. Gənclər və İdman Nazirliyinin nəzdində “Gənclər Evi”, gənclərə sosial xidmət göstərən müəssisələr fəaliyyət göstərir. Onların sayı Bakıda və regionlarda 30-dan çoxdur. Nazirlik tərəfindən “Gəncləri evləri”nin əməkdaşları üçün mütəmadi olaraq təlimlər keçirilir. Onlar həm özləri məlumatlı olurlar, həm metodiki vəsaitlər alırlar. Bu da imkan verir ki, onlar öz fəaliyyətlərində daha məqsdəyönlü olsunlar. Tutaq ki, maarifləndirmə tədbirlərində gənclərə deyirlər ki, narkotik zərərlidir, ondan istifadə etməyin, amma “Gənclər Evi”nin mütəxəssisləri bu işi daha əsaslı görürlər. Bu mütəxəssislər həm narkoloqlarla, həm psixoloqlarla görüşüb, metodiki tövsiyyələri alıb, onları gənclərə daha ətraflı çatdırırlar.
Əlbəttə ki, idmanın da narkotiklərlə mübarizədə mühüm rolu var. Çünki idman gəncləri narkotiklərdən çəkindirmək, onların asudə vaxtının səmərəli təşkil olunmasına imkan verir. “Gənclər evləri”miz gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün mühüm rol oynayır. Burada müxtəlif kurslar, təlimlər, aksiyalar, yaradıcılıqla bağlı və digər tədbirlər təşkil olunur, mütəxəssislər tərəfindən məsləhətlər verilir. Eyni zamanda nazirliyin nəzdində Olimpiya İdman Kompleksləri də fəaliyyət göstərir. Bu komplekslərdə də müxtəlif tədbirlər təşkil olunur. Nazirliyimiz gənclərin idmana cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili üçün ildə iki dəfə həftəlik “Sağlam həyat günləri” tədbiri təşkil olunur. İl ərzində əhalini və xüsusən də gəncləri idmana cəlb etmək məqsədilə müxtəlif idman növləri üzrə “İdman hamı üçün” tədbirləri təşkil olunur. Bu tədbirlərdə yaş fərqi olmur. Oraya kiçik yaşlı uşaqlar da, böyük yaşlı uşaqlar da gələ bilər. Bu tədbirlərin gedişatında iştirakçıların həm fiziki forması gözdən keçirilir, həm də tövsiyələr verilir ki, uşaqlar öz sağlamlığını necə qorusun. “Gənclər Evləri” faktiki olaraq 2012-ci ildən fəaliyyət göstərirlər. Əvvəl onların sayı az idi, amma ildən-ilə çoxalır. İndi onların sayı 30-dan çoxdur. Onların işçi ştatları var, psixoloqlar da mövcuddur. Əhalinin risk qrupunda olan gənclər, həmçinin gənc ailələr burada pulsuz konsultasiyalar alırlar.
- “Gənclər Evi”ndəki mütəxəssislər risk qrupları ilə necə işləyirlər? Ümumiyyətlə, risk qruplarına hansı insanlar daxildir?
- “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq risk qrupunda olan gənclər – cəzaçəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, dini ekstremist və terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələr və onların prekursorlarından sui-istifadə edən, habelə İİV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər aid edilir. Əgər bu qəbildən olan şəxslərdən “Gənclər Evi”nə müraciət varsa, mütəxəssislər onlara kömək göstərir, onları lazım olan istiqamətə yönləndirirlər. Bu müraciətlər əsasən sağlamlıqla, yaxud məşğulluqla bağlı olur. Bizim əməkdaşlar onları gərəkli istiqamətlərə yönəldirlər.
Bundan başqa, gənclər evlərində kurslar da təşkil olunur. Məsələn, pulsuz xarici dil və komputer kursları olur. Eləcə də həm yaradıcılıqla, həm də şəxsi inkişafla bağlı kurslar olur. Yaxud da hansısa mütəxəssis dəvət edilərək, mühazirə təşkil edilir. Misal üçün, gənclərin məşğulluğuna dəstək məqsədilə cəlb olunan mühazirəçi iştirakçılara işə qəbul üçün nələrə diqqət yetirilməli olduğunu, CV-ni necə düzgün şəkildə verməyi, iş müsahibəsindən necə düzgün keçməyi anladır.
- Nərmin xanım, bəs iş prosesini necə effektiv təşkil etmək olar ki, gənclər doğru istiqamətə yönəlsinlər?
- Məqsədimiz gənclərin hərtərəfli inkişafını təmin etməkdir. İstərdik ki, gənclər vətənpərvər, təhsilli, fiziki və mənəvi cəhətdən sağlam, geniş dünyagörüşünə malik olsunlar. Bunun üçün bir çox işlər görülür. Onlardan birini qeyd etmək istərdim. İkinci ildir ki, gənclər üçün müxtəlif düşərgələr keçiririk. Bu düşərgələr ilboyu keçirilir, amma əksəriyyəti yay aylarına təsadüf edir. Çünki hədəf həm istirahət, həm öyrənmədir. Bu düşərgələrin devizi də “Əylənərək öyrənirik”dir. Demək olar ki, düşərgələrin üçdə bir hissəsini hərbi-vətənpərvərlik düşərgələri təşkil edir və onlar gənclər tərəfindən böyük maraqla qarşılanır. Təəssüf ki, hamını oraya cəlb etməyə imkan yoxdur, amma iki il ərzində 10 minə yaxın gənc o düşərgələrdə iştirak edib. Digər düşərgələr, dediyim kimi, müxtəlif mövzulara həsr olunur, məsələn, tələbələrin liderliyi, karyeranın inkişafı, inkluziv məşğulluq, dayanıqlı inkişaf və digərləri.
- Bu tədbirlərə gənclər neçə yaşından etibarən cəlb olunur?
- Bizim hədəf qrupumuza əsasən 14 yaşından 29 yaşa qədər gənclər aiddir. Bizdə elanlar açıq olur. Elanlar nazirliyimizin sosial şəbəkələrində yayımlanır. Gənclər sosial şəbəkələrdə göstərilən linkilərdən qeydiyyatdan keçib tədbirlərimizdə iştirak edə bilərlər.
- Bəs, sizin qurumun məktəblərlə işi necə qurulur?
- Məktəblərdə təhsil prosesi gedir. Biz də dərs prosesinə qarışa bilmərik. Bizim işimiz məktəbdənkənar fəaliyyəti təşkil etməkdir. Məktəblilər və ümumiyyətlə gənclər bilirlər ki, “Gənclər evləri” var, orada hansı xidmətlər var, onlar oraya gedib nələrdənsə faydalana bilərlər. Biz onları qeyri-formal təhsilə yönləndiririk. Çünki qeyri-formal təhsil təbii ki, rəsmi deyil, amma şəxsi inkişafa böyük töhfə verir.
-İnanırıq ki, yeniyetmələrin öyrəndiyi qeyri-formal təhsil həyatlarında çox böyük rol oynayır. Şəxsi inkişaf onları daha dünyagörüşlü, maraqlı edir.
- Əlbəttə. Düzdür, şagirdlər formal təhsildə olan bilikləri mənimsəməlidirlər. Amma real həyatda şəxsi inkişaf, qeyri-formal təhsil onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Biz bunu “yumşaq bacarıqlar” adlandırırıq. 2018-ci ildən etibarən BMT-nin Uşaq Fondunun Azərbaycandakı ofisinin texniki dəstəyi ilə “Gənclər evləri”ndə “Əsas həyat bacarıqları” kursları tədris olunmağa başlanıb. Bu kurslar daha çox yeniyetmələr üçün faydalı olduğu üçün daha çox yeniyetmələr arasında keçirilir. Kursda stressin idarə olunması, tənqidi düşüncə, ünsiyyəti necə qurmaq, münaqişələri necə həll etmək, danışıqları necə aparmaq, məqsəd qoymaq kimi bacarıqlar öyrədilir. “Gənclərin evləri”nin əksəriyyətində belə kurslar var.
- Belə aydın oldu ki, təhsil ilinin sonunda yeniyetmələrin sizin kurslarda iştirakı daha çox olur…
- Əslində, işimiz ilboyu davam edir. Amma sözlərinizdə həqiqət var, dərs ili bitəndə onların vaxtı daha çox olur və tədbirlərimizə daha sərbəst qoşula bilirlər. İlboyu gənclər üçün müxtəlif sahələr üzrə müsabiqə, konfranslar, forumlar, təlimlər təşkil olunur, həm yerli, həm beynəlxalq səviyyədə. Məsələn, bu il Dünya Robot Olimpiadasında bizim komandamız ikinci yerə layiq görüldü.
- Nərmin xanım, belə görünür ki, sizin təmsil etdiyiniz qurum da daxil olmaqla, dövlət qurumları bu istiqamətdə çalışırlar. Bəs, sizcə, bu qədər iş görülərkən, nəyə görə, pis vərdişlər, insanları pis yola aparan meyllər yaranır?
- Biz söhbətə ailədən başladıq. Ailədən çox şey asılıdır. Məsələn, uşaqları düzgün yönləndirmək, onlara doğru nümunə göstərmək çox önəmlidir. Uşaq gözünü açanda birinci valideynlərini, yaxud da qohumlarını görür. Əgər onu gözünün qarşısında daha çox müsbət nümunələr olsa, o da daha çox pozitiv istiqamətə meyllənir. Əgər ətrafında mütaliə edənləri görürsə, o da kitab oxuyacaq. Əgər ata-ana təhsillidirsə, o da savadlı olacaq. Yeniyetməlik dövrü çox çətindir. Biz deyirik ki, “Gənclər evləri” fəaliyyət göstərir, orada mütəxəssislər, psixoloqlar var, amma onlar daha çox köməkçi rolunu oynayırlar. Əsas ailədir. Əgər uşağın ailədə hər hansı problemi, qorxusu, anlaşılmazlıq varsa, o uşaq tədricən risk qrupuna düşə bilər. Ona görə hesab edirəm ki, valideynlərdən çox şey asılıdır.
- Deməli, maarifləndirmə ilk öncə ailələrdə aparılmalıdır. Siz ailələrin maarifləndirilməsində Gənclər və İdman Nazirliyinin rolunu görürsünüzmü?
-Bizim nazirliyin gələn il 30 yaşı olacaq. Belə baxanda, 10-15 il bundan əvvəl təlim verdiyimiz, iş apardığımız gənclər indi özləri valideyndir. Ümid edirik ki, biz o gəncləri düzgün istiqamətləndirə bildiksə, onlara lazımi vərdişləri aşılaya bildiksə, onları ictimai faydalı fəaliyyətlərə yönəldə bildiksə, deməli, onların öz uşaqlarının tərbiyəsini düzgün formada aparmasına nail oluruq. Ailələrlə apardığımız digər misalı çəkmək istərdim. BMT-nin Əhali Fondunun Azərbaycandakı ofisi ilə regionlarda 2021-2023-cü illər ərzində “Atalar məktəbi” adlı layihəni birgə həyata keçirmişik. Layihə atalar və ata olmağa hazırlaşan kişilərə yönəlmişdi. Layihənin təlim proqramı gender, gender əsaslı cins seçimi və onunla mübarizə, gender əsaslı zorakılıq və onun ailədaxili münasibətlərə təsiri, məsuliyyətli atalıq, ataların uşaqlara göstərilən qayğı prosesində rolu, uşaqlarla birgə asudə vaxtın səmərəli keçirilməsi kimi mövzular və ekstrakurrikular fəaliyyətləri əhatə etdi…
- Zənnimizcə, gənc analara da belə təlimlər lazımdır.
- Şübhəsiz. Hər iki valideyn üçün ailələrlə, uşaqlarla bağlı qayğıların, rastlaşan çətinliklərin aradan qaldırılması məqsədilə fikir və təcrübə mübadiləsinin aparılması üçün məkan lazımdır. Və düşünürəm ki, “Gənclər evləri”miz belə bir məkan ola bilər.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az