“Cəzaları sərtləşdirməklə bərabər, maarifləndirmə işlərini gücləndirmək lazımdır”
“Biz çox yaxşı bilirik ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün ən böyük təhlükədir. Hər bir insan narkotik maddə qəbul etmətklə fiziki və psixoloji cəhətdən özünə qəsd edir. Çox təəssüf ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti də gənc nəslin nümayəndələridir”.
Telejurnalist, rejissor Kəmalə Mirzəyeva bu barədə Stopnarkotik.az-a açıqlamasında bildirib. O, hesab edir ki, bu gün narkotikin zərərləri ilə bağlı gənclərimiz arasında maarifləndirici kampaniyanın aparılması təkcə dövlətin işi deyil, hər bir vətəndaş bu məsələdə aktiv olmalıdır: “Gənclərimizin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu, bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, Kütləvi İnformasiya Vasitələrinin üzərinə düşür. Biz bu gün ilk növbədə narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvür formalaşdırmalıyıq. Narkomanlıqla bağlı problemin həllinə kömək məqsədilə orta və ali təhsil müəssələrində tez-tez konfranslar, tədbirlər, seminarlar keçirilməli, bu dəhşətli bəlanın acı nəticələri haqqında məlumatlar verilməlidir. Narkomaniya və onun törətdiyi fəsadlar haqqında hər bir yeniyetmə-gənc maarifləndirilməli, geniş təbliğat işləri aparılmalıdır. Sağlam həyat tərzini təbliğ etməliyik”.
Hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən istifadənin sonu ölümdür, həyatın sonudur
Kəmalə Mirzəyeva deyir ki, hazırda bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən də biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır: “Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Amma biz yenə də mümkün qədər mübarizə aparmalıyıq. Cəzaları sərtləşdirməklə bərabər, maarifləndirmə işlərini gücləndirmək lazımdır. Narkomaniyaya düçar olmuş insanların acınacaqlı aqibətlərini əks etdirən sənədli filmlər çəkməklə, narkotikdən törənən acınacaqlı faciələri göstərməklə insanlara bu yoldan uzaqlaşmağa kömək edə bilərik. Bu mövzuda çox sənədli və bədii filmlər çəkilməli, kitablar yazılmalıdır. Hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən istifadənin sonu ölümdür, həyatın sonudur”.
Xanım telejurnalist onu da dedi ki, narkomaniya bəlasına düçar olan gənclərimizə həssas yanaşılmalıdır: “Narkomaniya xəstəliyinə yoluxanlara xüsusi həssaslıqla, diqqətlə və mərhəmətlə yanaşmalı, onların dözülməz ağrı və iztirablarına biganə qalmamalı, onları saglam həyata qaytarmaq üçün əlimizdən gələni etməliyik. Bu baxımdan, tanınmış, məşhur insanların, sənət adamlarının, idmançıların üzərinə böyük missiya düşür. Onlar öz sağlam həyat tərzi ilə gənclərə, yeniyetmələrə nümunə olmalıdırlar. Onların iştirakı ilə tez-tez təlimlər təşkil olunmalı, sosial çarxlar çəkilməlidir. Onlar narkomaniyanın acı sonluğunu əks etdirən layihələrdə yer almalıdırlar. Bir sözlə, bu bəlaya qarşı hamı səfərbər olmalı, əl-ələ verməli və ciddi təbliğat aparılmalıdır.
Amma unutmayaq ki, dünyada bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb. Bəzən onlar da bu bəlanın əsirinə çevrilir. Ölkəmiz də istisna deyil.
Narkomaniyadan xilas olmaq üçün ilk növbədə narkotik satışını önləmək, yəni narkotiki insanlar üçün əlçatmaz etmək vacibdir
Odur ki, narkomaniyadan xilas olmaq üçün ilk növbədə narkotik satışını önləmək, yəni narkotiki insanlar üçün əlçatmaz etmək vacibdir. Düzdür, narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verir. Amma unutmayaq ki, narkomaniya ilə mübarizə aparmaq əslində çox çətindir. Bu sahədə ümummilli fəaliyyət davam etdirilməli və mübarizə daha da genişləndirilməlidir. Bilirik ki, narkotik maddə alverçiləri ilk növbədə uşaqları asanlıqla öz girovlarına çevirməyə nail olurlar. Ona görə, valideyinlər çox diqqətli olmalı, övladlarını kənar təsirlərdən qorumalıdırlar”.
İnternet üzərindən gənclərimizi zəhərləyən bu narkotik alverçiləri tapılmalı, onlar sərt cəzalandırılmalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə çox böyük iş düşür
K.Mirzəyeva onu da dedi ki, narkotik vasitələrin onlayn satışı da ciddi nəzarətə götürülməlidir: “Kimsəyə sirr deyil ki, bu gün narkotik vasitələrin satışı daha çox internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir. İnternet üzərindən gənclərimizi zəhərləyən bu narkotik alverçiləri tapılmalı, onlar sərt cəzalandırılmalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə çox böyük iş düşür”.
Telejurnalist bu fikirdədir ki, narkomaniyanın zərərləri haqda təhsil ocaqlarında da müvafiq tədbirlər keçirilməlidir: “Daha çox maarifləndirici görüşlər keçirilməsi məqsədə uyğundur. Uşaqlar, yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Bu isə ilk növbədə təhsil ocaqlarında çalışan müəllimlərin üzərinə böyük vəzifələr qoyur. Evdə valideyinlər, məktəbdə müəllimlər narkotika aludəçiliyinin necə bir faciəyə yol açdığını onlara başa salmalıdır”.
Narkomanın aqibəti mövzusunda sənədli film çəkməyi düşünürəm. Arzu edirəm ki, insanlar bu öldürücü maddənin pəncəsindən yaxa qurtarmağı bacarsınlar, narkotik maddələrdən imtina etmək üçün güclü iradəyə malik olsunlar
“Bir rejissor kimi heç fikrinizdən keçib ki, “ağ ölüm”lə bağlı , sənədli filmlər və proyektlər hazırlayasınız” sualına həmsöhbətimiz belə cavab verdi: “Bu, o qədər ağır mövzudur ki... Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya “Yox!” deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Əlbəttə, hər birimiz öz sahəmizdə bacardığımız qədər işləməliyik. Bu mövzuda yazılarım olub. Narkomanın aqibəti mövzusunda sənədli film çəkməyi düşünürəm. Arzu edirəm ki, insanlar bu öldürücü maddənin pəncəsindən yaxa qurtarmağı bacarsınlar, narkotik maddələrdən imtina etmək üçün güclü iradəyə malik olsunlar. Həyat gözəldir, onu hiss edib, yaşamaq lazımdır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az