Narkoloji Mərkəzin həbs edilən baş direktoru və müavininin məhkəməsi keçirildi

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və qurumun keçmiş direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev özünü qismən təqsirli bilib.

O qeyd edib ki, növbəti prosesdə ifadə verəcək.

Digər təqsirləndirilən Zamin Əliyev vəsatət verərək uşaqlarının xaricdə təhsil alması üçün müəyyən icazələr verilməsini xahiş edib. Onun sözlərinə görə, övladının şəxsiyyət vəsiqəsi və xarici pasportunun müddəti bitib, onları dəyişmək üçün notariat qaydada icazə lazımdır. İttihamla bağlı isə o, özünü təqsirli bilməyib.

Hakim bildirib ki, vəsatətə müvafiq sənədlər məhkəməyə təqdim edildikdən sonra baxılacaq.

Növbəti proses aprelin 1-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./teleqraf.com