Ötən yazımızda da qeyd etdiyimiz kimi, narkotik ticarətinə qarşı mübarizənin əsas fraqmentlərindən biri “bariqa”ların sıradan çıxarılmasıdır. Bunun məntiqi əsası odur ki, “bariqa”lar azaldıqca narkotikin “qara bazar”da realizasiyası da aşağı düşəcək. Ən azı, narkotik satan alverçilər sıradan çıxdıqca bu ticarətin dövriyyəsi səngiyəcək. Əlbəttə, aparılan əməliyyatlar formal deyilsə və narkoticarətə həqiqətən zərbə vurulursa…
Burada mühüm bir məsələ həbsə atılan şəxslərin həqiqətənmi bu çirkli alverin “ortabab vintləri” olub-olmaması, yaxud cəzadan kənarda qalmasıdır?! Cəmiyyətdə zaman-zaman “bariqa” adı altında saxlanılan şəxslərin şərlənərək tutulması, əsl narkotik alverçilərinin cəzaçəkmə müəssisələrinə düşməkdən kənarda saxlanılması (alver səngiməsin deyə) hadisələri müzakirə mövzusuna çevrilir. Hətta ara-sıra “çoxsaylı faklar və dəlillərlə” saxlanılan şəxslərin məhkəmə zalından azadlığa buraxılması hadisələrinə də rast gəlinir.
Ədalət naminə qeyd edək ki, hüquq-mühafizə orqanları, eləcə də DSX təfərindən keçirilən əməliyyatlar zamanı müsadirə olunan narkotik və onu daşıyan şəxslərin adları əksər hallarda mətbuata açıqlanır. Burada isə əsasən İran və “iranlı” faktoru qabardılır.
Narkotikin daxili bazarda satılmasına gəlincə, zənnimizcə, vəziyyət heç də ürəkaçan deyil. Hərçənd, statistik baxımdan azalmanın olduğu deyilir. Amma bunun dəqiq və açıq simptomları yoxdur. Deməli, məntiqi olaraq, həbsə atılan “bariqa”lar narkotik satışını və isifadəsini azaltmırsa, içəri atılanların həqiqətən narkotik alverçisi olub-olmaması sual altına düşür. Ya da belə düşünmək olar ki, onlar həbsxanadan da çöldəki alverlərini yürüdə bilirlər.
Əslində, bu məsələ ilə bağlı cəmiyyətdə də birmənalı fikir mövcud deyil. Hətta bəziləri iddia edir ki, indi bu və ya digər səbəbdən kimi tutmaq lazımdırsa, ona qarşı narkotik ittihamı irəli sürülür. Bu da statistikada həbs olunanların sayını artırsa da, narkotik ticarətinə qarşı mübarizəyə təsir göstərmir. Məhz bunun üçün də Stopnarkotik.az-a danışan əksrə hüquqşünaslar, hüquq müdafiəçiləri bu fikirdədirlər ki, hüquq-mühafizə orqanlarına qarşı bu cür ittihamları aradan qaldırmaq üçün hər bir əməliyyat prosesi ilk andan dəlillərlə, sübutlarla, videoçəkiliş aparılmaqla həyata keçirilməlidir. Yəni hər hansı bir narkotik satıcısının üzərində narkotik aşkarlanması faktı həmin şəxs saxlanılan zaman yerindəcə görüntülənməlidir.
Əslində, bütün bunlar bir çox ölkələrin təcrübəsində də var. Məsələn, Türkiyədəki narkotik əməliyyatlarını da buna nümunə gətirə bilərik. Xatırladaq ki, son olaraq aprelin 29-da Türkiyənin İstanbul şəhərində ümumi həcmi 1 ton 291 klioqram 505 qram narkotik ələ keçirildi, hansı ki, onun 1 ton 153 klioqram 680 qram metamfetamin olub. Yerdə qalan, 1 kilo 5 qram kokain, 136 kilo 820 qram narkotik hazırlanmasında istifadə olunan kimyəvi maddə idi. Əməliyyat haqda məlumatın verildiyi yazılı materialda metamfetamin qabları açıq şəkildə nümayiş olunur.
Qardaş ölkədə əksər hallarda narkotik satıcılarına qarşı əməliyyatın kadrları da nümayiş olunur. Elə bundan 14 gün əvvəl Ankara şəhərində 4768 nəfər polis əməkdaşı, 40 xüsusi öyrədimiş xidməti it, 4 dron və aviasiya dəstəyi ilə 626 ünvana basqın edilərək 525 nəfərin həbs olunduğu - Türkiyə tarixində ən böyük narkotik əməliyyatı olan ““NARKOKAPAN-Ankara”nı da missal çəkə bilərik. Hansı ki, bu əməliyyatın videogörüntüləri isti-isti saytlarda nümayiş olundu.
Sonra Türkiyənin Diyarbəkir şəhərində əsa ilə gəzən yaşlı kişinin qurşağından narkotik paketləri çıxmasının yerindəcə çəkilən kadrlarına YouTube platformasında rast gəlmək olar…
Odur ki, bizim ölkədə də müəyyən söz-söhbətlərdən xilas olmaq üçün bu cür görüntülü əməliyyatların keçirilməsinə ehtiyac var. Məntiqlə də, əgər yetərli dəlil-sübut varsa, hüquq-mühafizə orqanları niyə hansısa əməliyaytı videoçəkilişlə keçirməsin?! Hər halda hüquq-mühafizə orqanlarının bunun üçün maddi-texniki bazası yetərincədir, dövlət onları gərəkli təchizatla təmin edir. Bəs, o halda şübhəli şəxsin saxlanılma anında üstünə baxış keçirərək prosesin videoçəkilişlə qeydə alınmasına nə mane olur?
Əlbəttə, saxlanılan şəxs müvafiq idarəyə aparılandan sonra, orada üzərindən istər narkotik, istər silah və s. çıxsa d, bu, tutarlı dəlil sayıla bilməz. Çünki bu fiziki təzyiq, zorakılıq, psixoloji basqı altında da baş verə bilər. Necə ki, cəmiyyətdə bu sahədə çoxsaylı fikirlər mövcuddur. Deməli, əməliyyat anında və yerində şəxsin üzərinə baxış keçirilməsi daha məntiqli olar.
Ümumiyyətlə isə, saxlanılan şəxsə vəkil təyin edilmədən və vəkilin iştirakı olmadan dindirilməsi də yanlışdır. Çünki, yuxarıda deyildiyi kimi, şöbədə fiziki və mənəvi təzyiq altında ondan istənilən ifadəni almaq mümkündür. Heç də təsadüfi deyil ki, Qərb fimlərində bir fraza - vəkiliniz gələnə kimi danışmamaq hüququnuz var - deyimi tez-tez təkrar olunur. Bizdə isə saxlanılan şəxs nəinki vəkillə təmin olunur, üstəlik bir çox hallarda onların ailə üzvləri artıq istintaq təcridxanasına göndəriləndən sonra onun saxlanılmasından və barəsində həbs qərarı verilməsindən xəbərdar olur. Bəs, bu cür qeyri-peşəkarlığa niyə yol verilir? Axı dövlətin bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarının işinin əsaslandığı qanunlar da Quran ayəsi deyil. Üstəlik, onları daha da təkimlləşdirmək, dünya standartlarına uyğunlaşdırmaq olar…
Deməli, əməliyyatı peşəkar səviyyədə aparmadan kimisə narkotik satmaqda günahlandırmaq, hansısa xəyali ittihamlar quraşdırmaq, aktlaşdırmaq, onu real olmayan suçlamalarla damğalamaq ən azı səriştəsizlik, dövlətə, vətəndaşa və qanunlara hörmətsizlikdir.
Bu gün “Bariqa” adı altında məsələyə aidiyyatı olmayan şəxslərin saxlandığı, həbsə atıldığı halları da varsa, bu, yalnız statistik göstəricilər xətrinə edilə bilər. Yəni görüntü xətrinə. Hansı ki, dövlətin və ölkəmizin bu cür formallığa ehtiyacı yoxdur, narkotik ticarətinə qarşı mübarizə gerçək müstəviyə daşınmalıdır…
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az