Meksikanın Sinaloa ştatının paytaxtında – məşhur narkobaron El Çaponun uşaqları və varislərinin – İvan və Alfredo Qusmanın təhlükəsizlik xidmətinin rəhbəri “El Nini” ləqəbli Nestor İsidiro Qarsiya ələ keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu münasibətlə hətta ABŞ prezidenti Co Bayden də bəyanat yayaraq, cinayətkarın tutulmasına görə Meksika prezidenti Andres Manuel Lopez Obrador və Meksika xüsusi təyinatlılarına təşəkkür edib. El Nini ABŞ-ın köməyi ilə saxlanılıb və həbsin narkotik ticarəti ilə mübarizə və Elbada keçirilən APEC sammitində Çin, Meksika, ABŞ-ın ticarət məsələlərinin müzakirə olunduğu Bayden ilə Obrador arasında keçirilən görüşdən dərhal sonra baş tutması çox simvolikdir.
Bu ilin əvvəlində El-Ninini ələ keçirmək üçün ən azı üç cəhd olmuşdu, ancaq bu dəfəki cəhd uğurli oldu. Rəsmi olaraq bildirilməsə də, əməliyyatın planlaşdırılmasının arxasında ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) olması ehtimalı yüksəkdir.
ABŞ hökuməti El Nininin tutulmasına kömək edənə 3 milyon dollar mükafat təklif etmişdi.
ABŞ prezidenti Co Bayden El Nininin həbsi ilə bağlı açıqlama da verib.
“Prezident Lopez Obradora, Meksika Ordusu və Xüsusi Təyinatlı Qüvvələrinə El Nininin çevik şəkildə ələ keçirilməsinə görə təşəkkür etmək və onun tutulması üçün bu uğurlu əməliyyatı həyata keçirən Meksika təhlükəsizlik qüvvələrinin cəsur kişi və qadınlarına minnətdarlığımızı bildirmək istəyirəm. Onun dəmir barmaqlıqlar arxasında olması hər iki ölkə üçün daha təhlükəsizdir. Bu həbs ABŞ və Meksikanın cəmiyyətimizi narkotik zorakılığından qorumaq öhdəliyinə sübutdur”, deyə Bayden ifadə edib.
Şübhə yoxdur ki, tezliklə El Nini ABŞ-a ekstradisiya ediləcək.
Stopnarkotik.az