Mərc oyunları təşkil edən şəxslərə elektron qolbaq taxıldı - MƏHKƏMƏ QƏRARI

Ali Məhkəmədə qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Xəyal Səfərov və onun tanışı Zaman Baxışovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib. 

İttihama görə, təqsirləndirilən Xəyal Səfərov və onun tanışı Zaman Baxışov Türkiyə vətəndaşı ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə yaradılmış “www.merc777.com” saytında onlayn mərc oyunların keçirilməsini təşkil etmək barədə əvvəlcədən razılaşıb. Onlar bu məqsədlə 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində aralarında onlayn mərc oyunların təşkil edib və keçirib. Daha sonra Xəyalla Zaman hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Xəyal Səfərov və Zaman Baxışova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini və protesti təmin etməyib./pravda.az