Modelyerin biznesmen atasını öldürüb quyuya atan qohumların məhkəməsi başladı - FOTO

Bakıda rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb, quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttiham aktına görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovu kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobilə əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən aldığı şampan şüşəsi ilə onun baş nayihəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetiriblər. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır dəmir parçası bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov özünü qismən təqsirli, Namiq Əliyev isə təqsirli bilmədiyini deyib.

Proses dekabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Modelyerin biznesmen atasını öldürüb quyuya atan qohumların məhkəməsi başlayıb - FOTO