Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü “Maya” adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.
Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.
Xatırlatma: Sənan Ağarzayev Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın həyat yoldaşıdır. Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb./demokrat.az