Əməliyyat zamanı ölən 38 yaşlı qadınla bağlı araşdırma başladı - YENİLƏNİB 1

Mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

*** 14.41

Mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub: “Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.
Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.
Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”.

*** 13.20

Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.

Hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra halı pisləşən P. Abdullayeva xəstəxanada vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./apa