Məktəblilərə narkotikin zərərli vərdişlərindən danışıldı - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrə qarşı ölkə boyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə dinləyiciləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.

Həmçinin, çıxış edən RPŞ-nin xidmət üzrə rəis  müavini, polis polkovniki Vüsal Rüstəmov  gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Tədbirin sonunda dinləyiciləri  maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Stopnarkotik.az