Bakı Apellyasiya Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Süleyman Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Süleyman Xanlar oğlu Cəfərovun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə S.Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb./pravda.az