Ali Məhkəmədə Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq müavini Rasilə Arifqızının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
Stopnarkotik.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Lənkəran RİH-in başçısının sabiq müavini R.Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla, R.Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında R.Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib./report