Gəncə Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Rövşən Mirzəyev və Abbas Sadıxovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Sadıxov 8 il 6 ay və Rövşən Mirzəyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Rəsmi məlumata əsasən, 2023-cü ilin mart ayında Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. "İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən Rövşən Mirzəyev Gəncə şəhərində, Abbas Sadıxov isə Bakı şəhərində saxlanılıb./pravda.az