Məhkəmə Ekspertizası Şurası yaradıldı - SƏRƏNCAM

Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılsın:

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

2. Şura:

2.1. aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

2.1.2. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

2.1.3. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

2.1.4. ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

2.1.5. müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

2.1.6. özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

2.1.7. normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;

2.2. fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etsin;

2.3. müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.