Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın saxlanması və daşınması qaydalarının pozulması hallarına qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən olunub. Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovlanan çöl quşları aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 5 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.