Azərbaycanda külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Çıxış edən prokuror Orxan Səmədov prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb.
Hakim təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərarını elan edib.
Məhkəmənin ilk baxışı yanvarın 22-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.