Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
***18:07
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirlərin dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
"Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq", - deyə məlumatda qeyd edilib./apa